Əli Əhmədov: ATƏT yenə də sonadək obyektiv və ədalətli ola bilmədi


18:41     10 Fevral 2020 2019/02/eli-ehmedov_1549364086.jpg




Fevral ayının 10-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticəsinə dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının birgə bəyanatı yayılıb. Qeyd etməliyəm ki, bəyanat sözügedən təşkilatların ənənəvi tam obyektiv olmayan mövqeyindən fərqlənməməsi ilə seçilir.

Femida.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, nəzərəçarpan cəhətlərdən biri də sənəddə bir-birinə əks olan mövqelərin və ya dəyərləndirmələrin səsləndirilməsidir:

"Cəmi 125 yer uğrunda mübarizədə 1300-dən çox namizədin iştirak etdiyi seçki kampaniyasında həqiqi rəqabətin olmaması kimi nöqsan göstərmək üçün müşahidəçilərin böyük fantaziyası olmalıdır. Azərbaycanda Parlament seçkiləri ilə əlaqədar beynəlxalq müşahidəçilərin qeyd olunan nümayəndələrinin bəyanatında diqqəti çəkən digər bir cəhət bəzi Avropa qurumlarının ölkəmizlə bağlı ayrı-ayrı zamanlarda qəbul etdiyi qərəzli qərarlara istinad etməsidir ki, bu da sənəddə konkretliyin yayğın ifadələrlə və fikirlərlə zəngin olmasından xəbər verir".

İcra katibi qeyd edib ki, sözügedən müşahidəçilərdən savayı seçkilərin gedişini izləyən çoxsaylı beynəlxalq müşahidəçilərin rəyləri obyektivliyi və konkretliyi ilə seçilir:

"Təəssüf ki, ATƏT-in müşahidə missiyası yenə də ədalətli və obyektiv ola bilmədi. Ən azından hər gün yaydıqları bəyanatda özünə yer tapmış, lakin seçki prosesində heç kimin görə bilmədiyi “nöqsanların” olması belə qənaətə gəlməyə əsas verir.

Bununla yanaşı, ədalət naminə seçki prosesinin yaxşı təşkilinə dair fikirlərin də yayılan bəyanatda əks olunmasını da qeyd etmək yerinə düşərdi. İstənilən halda artıq arxada qalan seçki kampaniyasının demokratik atmosferdə, yüksək rəqabət şəraitində keçməsinin ən obyektiv şahidləri seçicilər və namizədlərin özü sayıla bilər. Heç şübhəsiz, 9 fevral seçkiləri Azərbaycanın demokratiya yolunda inkişafında əhəmiyyətli mərhələni təşkil edir".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 696