Yeni parlamentin hüquqşünas deputatları - ARAŞDIRMA


13:42     11 Fevral 2020 20_02_11_1581414191.jpg


9 fevral növbədənkənar parlament seçkiləri geridə qaldı. Artıq 125 dairə üzrə qalib namizədlərin adları açıqlanıb. Femida.az–ın araşdırmasına görə, yeni parlamentdə təmsil olunacaq 125 deputatdan 19 nəfəri hüquqşünaslar və ya başqa sözlə desək hüquq təhsili olan simalardır. Onların arasında ilk dəfə parlamentdə mandat qazanan şəxslər də var. Ötən çağırışla müqayisədə əlavə 8 hüquqşünas Milli Məclisdə yer alıb. Qanunların qəbul olunduğu ana mərkəz nöqtəsinin parlament olduğunu nəzərə alsaq, hüquqşünasların bu hakimiyyət qolunda çoxalması sevindirici haldır.


İxtisasca hüquqşünas olan deputatların kimlər olduğuna nəzər yetirək:




1.Ülvi Quliyev - 15 saylı Yasamal birinci seçki dairəsi (41.8 %)

1966-cı ildə Bakıda professor Zahid Quliyevin ailəsində anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, 2005, 2010 və 2015-ci il seçkilərində də deputat seçilib. 2018-ci ildən Milli Məclisin Gənclər və idman komitəsinin Sədridir. Azərbaycan- Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Peru, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.


2. Məlahət Həsənova - 21 saylı Nəsimi birinci seçki dairəsi (56.9 %)

1958-ci ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür. 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. YAP Nəsimi rayon təşkilatının sədridir. II-V çağırışlarda Milli Məclisinin deputatı olub. Azərbaycan-Serbiya və Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya, Azərbaycan-Liviya, Azərbaycan-Suriya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Eləcə də NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 27 aprel 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahimqızı “Şöhrət” ordeni ilə təltif olunub.



3. Fazil Mustafa - 26 saylı Sabunçu birinci seçki dairəsi (47.6 %)

15 oktyabr 1965-ci ildə anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Dağlıq Qarabağın erməni iddiasına qarşı xalq hərəkatında fəal iştirak edib, müxtəlif dövrlərdə AXC sədrinin müşaviri, sədrin müavini olub. 1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. 2003-cü ildə yaradılmış Böyük Quruluş Partiyasının başqanı seçilib. III, IV, V çağırışlarda deputat seçilib. 2008-ci ilin prezident seçkilərində iştirak edib və 89985 seçicinin səsini alaraq 2.43 % səslə üçüncü olub..Parlamentin İnsan Hüquqları Komitəsinin və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür. Fəlsəfə elmləri namizədi, 12 kitabın müəllifidir.



4. Əliabbas Salahzadə - 27 saylı Sabunçu ikinci seçki dairəsi (57.6 %)

1979-cu ildə Bilgəh qəsəbəsində ziyalı ailəsində doğulub. 2002- ci ildə Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsini bitirib. 1999 –cu ildə Sabunçu rayon Bilgəh Bələdiyyəsinin sədri seçilib. 2004-cü ildə Azərbaycan Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Aspiranturaya daxil olub. 14 aprel 2009- cu il tarixində hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 2010-cu ildən Birinci dərəcəli Dövlət qulluqçusudur.



5. Qüdrət Həsənquliyev - 36 saylı Xətai dördüncü seçki dairəsi (45.4 %)

9 dekabr 1965-ci ildə Culfada anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb. 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində namizəd olub. Q.Həsənquliyev 2005,2010,2015-ci illərdə Azərbaycan Milli Məclisə seçkilərdə deputat seçilib.



6. Əli Hüseynli - 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi (59.6 %)

1968-ci ildə Bakıda doğulub. 1985-1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləyib. 1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
1991-1995-ci illərdə Ali Məhkəmədə, 1995-1996-cı illərdə Prezidentin İcra Aparatında, 1996-2000-ci illərdə isə Milli Məclisdə müxtəlif vəzifələrdə çalışıb.
Hüquq elmləri doktorudur. Hal-hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədridir. Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavinidir. Məhkəmə Hüquq Şurasının üzvü olub. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür. Korrupsiya ilə Mübarizə Parlamentarilərin Qlobal Təşkilatının Azərbaycan Bölməsinin sədridir.



7. Əminə Ağazadə - 57 saylı Kürdəmir seçki dairəsi (64.8 %)

Əminə Ağazadə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti olub. Kiçik ədliyyə müşaviridir. O eyni zamanda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə keçmiş böyük müstəntiqi, hazırda Pirallahı rayonun prokuroru olan İbrahim Ləmbəranskinin həyat yoldaşıdır. Özü də prokurorluq orqanlarında çalışıb.


8. Jalə Əhmədova - 59 saylı Salyan seçki dairəsi (59.7 %)

1981-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsindən məzun olub. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, Azərbaycan Respublikası Energetika nazirliyində şöbə müdirinin müavini vəzifələrində çalışıb. Jalə Əhmədova hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas vəzifəsində çalışır.



9. Kamal Cəfərov- 63 saylı Sabirabad birinci seçki dairəsi (52.8 %)

1989-cu ildə Bakıda doğulub. BDU-nun Hüquq fakultəsinin bakalavr pilləsini, London Kral Universitetində beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyanada Beynəlxalq Anti-Korrupsiya Akademiyasının “Anti-korrupsiya elmləri üzrə” magistr proqramnı fərqlənmə ilə bitirib. ABŞ-ən Mərkəzi Texas Kollecində “Amerika hüquq sisteminə giriş” mövzusunda mübadilə proqramını və Azərbaycanda Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr proqramını bitirib.
K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyası (ACAMS) tərəfindən beynəlxalq ekspert sertifikatına layiq görülüb. 2012-2013-cü illərdə “ASAN xidmət”də işləyib. 2014-2016-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi, 2016-ci ildən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi kimi fəaliyyət göstərir.
2015-ci ildən Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində “Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə” layihəsinin Milli koordinatoru, 2016-cı ildən “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşkilatının Azərbaycan üzrə Milli koordinatoru, BMT-nin “Korrupsiya əleyhinə Konvesiyası”nın icrası üzrə Milli əlaqələndiricisi, 2017-ci ildən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlə Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəridir. Kamal Cəfərov Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub. K.Cəfərov korrupsiyaya qarşı mübarizə sahəsində təhsil və ictimai maarifləndirməni həyata keçirən Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) idarə heyətinin üzvüdür.



10. Bəhruz Məhərrəmov - 66 saylı Biləsuvar seçki dairəsi (52.9 %)

Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. Bakı şəhəri 13 saylı Vəkil Bürosunda çalışır. Eyni zamanda o, ötən ilin dekabrında Hakimlərin Seçki Komitəsi tərəfindən açıqlanan siyahıda hakimliyə imtahandan da uğurla keçən namizədlər sırasında olub. Bəhruz Məhərrəmov vaxtilə jurnalist kimi "Azad Azərbaycan" telekanalının əməkdaşı olub. Daha sonra “Avromed” MMC-də direktor müavini, “PAŞA Sığorta” ASC-də Korporativ Hüquq Xidmətinin rəhbəri kimi çalışıb.



11. Çingiz Qənizadə - 80 saylı İmişli-Beyləqan seçki dairəsi (45.4 %)

Milli hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisidir. 1957-ci ildə Ağdaş şəhərində anadan olub. 1984-cü ildə BDU-nun Hüquq fakultəsini bitirərək hüquqşünas ixtisasına yiyələnib. 1989-1990-cı illər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 1992-1993-cü illərdə Bakı şəhər prokuroru vəzifələrində çalışıb.
1995-ci ildən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir. 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə dördüncü və beşin çağırış Milli Məclisin deputatıdır. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Türkiyə, Rusiya, Avstriya, İspaniya, Çexiya, Finlandiya, Belarus, Yunanıstan və Fransa Parlamentlərarası İşçi Qrupunun üzvüdür.
Ç.Qənizadə İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupun da üzvüdür. Prezident İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü təyin edilib. Ədliyyə Naziri yanında Penitensiar Xidmətdə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru olub (2013-2017).
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti nümayəndə heyətinin, AŞPA-da Hüquq və İnsan haqqları komitəsinin üzvüdür, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Hüquq komissiyasının üzvü olub. Deputat olmamışdan öncə Avropa Şurası Parlament Assambleyasında ekspert olaraq 15 il ərzində dəfələrlə AŞPA-da olmuşdur. AŞPA-nın müxtəlif komitələrində, iclaslarında, habelə AŞ-nın Baş Katibi, AŞPA-nın sədri və AŞ-nın İnsan Hüquqları üzrə Ali komissarı və digər rəsmilərlə görüşlərdə iştirak edib.
GOPAC – Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının 2013-cü ildən Azərbaycan Parlamenti nümayəndə heyətinin üzvüdür.



12. Tahir Kərimli - 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi (52.4 %)

1956-cı ildə Ağsuda doğulub. 1983-cü ildə ADU-nun hüquq fakültəsini bitirib. Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi, Ali Məhkəmənin sədri, Ali Sovetin deputatı (1990-1995) olub. Məhkəmə-hüquq islahatına dair bir neçə qanun layihəsinin Parlamentdə qəbul edilməsinə nail olub. 1992-ci ildə Ali Dərəcəli Hakim rütbəsini alıb. 1990-cı il 20 Yanvar qətliamına görə Sov.İKP üzvlüyündən imtina etdiyinə və SSRİ Prezidenti M.Qorbaçova ölüm hökmü çıxardığı üçün xalq hakimi vəzifəsindən kənarlaşdırılıb. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. 5-ci çağırış AR Milli Məclisin deputatıdır.



13. Sabir Hacıyev - 88 saylı Göyçay seçki dairəsi (52.7 %)

Milli Məclisin IV və V çağırış deputatıdır. Prezident İlham Əliyev 2019-cu il 4 oktyabrda Sabir Hacıyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Vətəndaş Birliyi Partiyasının (VBP) sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.



14. Nurlan Həsənov - 99 saylı Şəmkir kənd seçki dairəsi (61.3 %)

Yeni parlamentin ən gənc deputatlarından olan N.Həsənov 1988-ci ildə Şəmkirdə anadan olub. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, 2008-2009-cu illərdə Almaniyanın Bremen Universitetində hüquq üzrə magistratura təhsili alıb. 2010-2014-cü illərdə Bremen Universitetində “Avropa İttifaqı və Azərbaycan – Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanda Hüquqi Dövlət Strukturlarının gücləndirilməsi və Avropa İttifaqının bu sahədə rolu” mövzusu üzrə doktorluq elmi işi yazıb, müdafiə edərək “Hüquq Elmləri Doktoru” elmi dərəcəsini qazanıb. 2012-ci ildə Almaniya Bundestaqında praktiki təcrübə keçib. Bu müddət ərzində “Dağlıq Qarabağ münaqişəsi – Siyasət və Hüququn mübarizəsi arasında” adlı elmi məqalə yazıb. Həmin məqalə kitabça formasında çap olunaraq Almaniya Federal Parlamenti və Almaniya Milli kitabxanalarına daxil edilib.
2015-2017-ci illərdə "ASAN xidmət"in Nəzarət və qiymətləndirmə şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2016-2017-ci illərdə Almaniyanın Potsdam Universitetində “Düzgün İdarəçilik” proqramı üzrə ixtisasartırma kursu keçib. 2017-2019-cü ilin sentyabr ayı ərzində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibliyində çalışıb. 2019-cu ilin sentyabr ayının 10-dan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsində işləyib.



15. Kamran Bayramov - 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi (66.6 %)

1979-cu ildə Bakıda anadan olub. 1999-cu Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2011-ci ildə magistr kimi bitirib. 1999-cu ildə Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektoru vəzifəsinə təyin edilib. 2006-cı ildə Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. 2007-ci ildə Prezidentin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilib. 2013-cü ildə Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunub. 2015-ci ildə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Milli Məclisin deputatı seçilib. Parlamentin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Avstriya, Böyük Britaniya, Xorvatiya, Kuba, Qətər, Litva, Niderland parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi həmsədrinin müavini, NATO-nun Parlament Assambleyasında və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.



16. Nizami Səfərov - 102 saylı Samux-Şəmkir seçki dairəsi (64.0 %)

1960-cı ildə anadan olub. İxtisasca hüquqşünasdır. Hüquq elmləri doktoru olan N.Səfərov həm də 2-ci dərəcə dövlət müşaviridir. MM-in Inzibati və hərbi qanunvericilik şöbəsinin müdiridir.3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.



17. Qənirə Paşayeva - 105 saylı Tovuz seçki dairəsi (70.8 %)

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. III və IV çağırış Milli Məclisin deputatıdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür.



18. Nəsib Məhəməliyev - 109 saylı Balakən seçki dairəsi (65.3 %)

11 fevral 1961-ci ildə Balakəndə anadan olub. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında “Daşınma prosesinin idarə olunması” ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.



19. Tural Gəncəliyev – 122 saylı Xankəndi seçki dairəsi (56.7 %)

1980-ci ildə Şuşa şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib. 5 avqust 2004-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib. 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinə ezam edilib. Səfirlikdə uzunmüddətli ezamiyyət müddəti bitdikdən sonra, 25 yanvar 2013-cü il tarixində Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyin edilib. 8 aprel 2014-cü il tarixində birinci katib vəzifəsini alıb. 2014-cü ilin 1 oktyabr tarixindən etibarən Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinə birinci katib vəzifəsinə təyin edilib. 2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində “İnsan hüquqları və məcburi köçkünlər haqqında” Vyana şəhərində keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinın təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib.
2018-ci ilin 1 oktyabr tarixindən etibarən Çexiyada uzunmüddətli ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb. Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində bir sıra diplomatik kurslar və seminarlarda iştirak etmək məqsədilə xarici ölkələrə ezam edilib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının 20 dekabr 2018-ci il tarixində keçirilmiş qurultayının qərarı ilə icmanın yeni sədri seçilib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #milliməclis   #deputat   #parlament   #hüquq   #hüquqşünas   #qanun  

Oxunub: 3190