Seçilmiş deputatlar nə vaxt işə başlamalıdır? - Hüquqşünas mövqeyi


14:45     12 Fevral 2020 big_1419494660_secki.jpg

Bildiyimiz kimi 09 fevral 2020-ci il tarixində ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Seçkinin keçirilməsini təmin edən Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə seçki baş tutub.


Femida.az seçki prosesindən sonra hansı hüquqi proseslər atıla bilər sualına cavab almaq məqsədi ilə hüquqşünas Yalçın Hacızadə ilə əlaqə saxlayıb.

Keçirilmiş seçkinin nəticələri hansı formada rəsmiləşdirilir?





Hüquqşünas Yalçın Hacızadənin sözlərinə görə, seçkinin nəticələri ilk olaraq məntəqə seçki komissiyalarında protokollaşdırılır və onlar əsasında da Dairə seçki komissiyası səsvermə günündən 2 gün keçənədək 3 nüsxədən ibarət seçkinin nəticələrinə dair protokol tərtib edirlər. Dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə bu barədə dərhal məlumat verməlidirlər.

Dairələr üzrə bütün protokollar Mərkəzi Seçki Komissiyasına göndərildikdən sonra səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokolları yoxlanılır və 24 saat müddətində yoxlanılmış protokollar Konstitusiya Məhkəməsinə təqdim edilir.

Azərbaycan Respublikası Konstitusiyasına görə seçkilərin yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. Sekilərin nəticələrinə dair protokollar və digər sənədlər Konstitusiya Məhkəməsinə daxil olduqdan 10 gün müddətində Konstitusiya Məhkəməsinin Plenumunun iclası çağrılır. Plenum bu sahədə müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır. Konstitusiya Məhkəməsinin Plenumu yoxlama nəticəsində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələrinin bütövlükdə təsdiq edilməsi, qismən təsdiq edilməsi və ya təsdiq edilməməsi barədə hakimlərin 5 səs çoxluğu ilə qərar qəbul edə bilər. Bildirim ki, Konstitusiya Məhkəməsinin belə qərarı qəti olur.
Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxarır və Seçki Məcəlləsinə uyğun olaraq yeni seçkilər təyin edilir. MSK-da hər hansı bir dairə və ya dairələr üzrə seçkinin nəticələrini etibarsız hesab edə bilər. Bu halda da Seçki Məcəlləsinə uyğun olaraq həmin dairələr üzrə təkrar seçkilər təyin edilməlidir.


Seçilmiş deputatlar nə vaxt işə başlamalıdırlar?


Konstitusiya Məhkəməsi seçilmiş 83 deputatının səlahiyyətlərini təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılmalıdır. Milli Məclis 83 deputat təsdiq olunduqda səlahiyyətlidir. Əgər təsdiq edilən deputatların sayı 83-dən az olarsa Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir. Burda 83 deputatın səlahiyyətinin təsdiq edilməsinin göstərilməsi Milli Məclisdə bəzi qərar və qanunların 83 səs çoxluğu ilə qəbul edilməsi ilə əlaqədardı.

Seçkinin nəticələri nə vaxt dərc edilməlidir?

Seçkilərin (bu bütün seçkilərə və referenduma aiddir) ilkin nəticələri dairə seçki komissiyası tərəfindən səsvermənin nəticələrinə dair protokollar Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən mətbuatda dərc edilə və Mərkəzi Seçki Komissiyasıının internet səhifəsində yerləşdirilə bilər.

Həmçinin, Mərkəzi Seçki Komissiyası 45 gün müddətində Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq kütləvi informasiya vasitələrində dairə seçki komissiyalarının protokollarında olan məlumatları tam şəkildə dərc edir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər.
Ümumiyyətlə isə seçki günündən sonra 6 ay müddətində Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatları öz rəsmi nəşrində tam şəkildə dərc etməlidir.

Hazırladı Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1028


Oxşar xəbərlər