Azərbaycanda yeni koronavirus xəstəliyi ilə bağlı tədbir keçirildi


22:02     12 Fevral 2020 2020/02/158152986415673765505e443b082a128_1581530315.jpeg

Fevralın 12-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı Bakı Regional Mərkəzinin akt zalında nazirliyin aparatında, regional mərkəzlərində və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə profilaktik maarifləndirmə tədbiri keçirib.

FHN-dən Femida.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında yeni koronavirus (2019-nCOV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” diqqətə çatdırılıb.

Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları, xüsusən əhali arasında bu xəstəliyin profilaktikası məqsədilə sanitariya-maarifləndirmə işinin həyata keçirilməsində həmkarlar ittifaqının rolu və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Mehman İsmayılov hökumət tərəfindən təsdiq olunmuş Fəaliyyət Planından irəli gələrək FHN-in qarşısında qoyulmuş vəzifələri diqqətə çatdırıb.

İttifaqın sədri FHN-in aparatında, regional mərkəzlərində və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələri sədrlərinə bu xəstəliklə bağlı profilaktik maarifləndirmə tədbirləri təşkil edərək üzvləri yeni koronavirus xəstəliyi barədə məlumatlandırmağı tövsiyə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 758