Rezidenturaya sənəd qəbulu elan edilir


11:02     13 Fevral 2020 Yoxlama3may.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.



DİM-dən Femida.az-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2020-ci il fevralın 13-dən 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2020-ci il fevralın 13-dən 27-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2020-ci il aprelin 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2020-ci il iyulun 17-də keçiriləcəkdir.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar.

Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar.

Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda "Rezidentura" jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 702