"Bakılift-3"ün sabiq şöbə rəisinin məhkəməsi başlayıb


15:40     13 Fevral 2020 20_02_13_1581594086.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən "Bakılift-3" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq şöbə rəisi Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.



Femida.az -ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Ə. Hüseynov ittiham üzrə özünü təqsirli bilməyib. Sərbəst ifadə verən Ə. Hüseynov bildirib ki, o idarənin pulunu mənimsəməyib: "Ayrılmış vəsaitlər mal-materialların alınmasına xərclənib. Mənə demişdilər ki, bu işlər qısa müddətdə yerinə yetirilməlidir. Ona görə kənardan əlavə işçilər cəlb eləmişdik. Amma onlarla müqavilə bağlanmamışdı. Onların pulunu vermək üçün məcbur idik ki, materialların dəyərini artıq göstərək".

Təqsirləndirilən şəxs qeyd edib ki, ayrılan məbləğdən 50 min manat idarəyə ödəmək üçün depozit hesaba köçürüb.

Məhkəmədə məlum olub ki, "Lifttəmir" İstehsalat Birliyi bu cinayət işində zərərçəkmiş kimi tanınır. Birlik təqsirləndirilən şəxsdən 136 min manatı tələb edir.

Qeyd edək ki, Ə. Hüseynov liftlərin təmiri və yenilənməsi üçün rəhbərlik etdiyi şöbənin hesabına köçürülən vəsaitlərinin bir hissəsini mənimsəməkdə, israf etməkdə günahlandırılır. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 558


Oxşar xəbərlər