Səfirimiz İsveçrə Parlamentinin Prezidenti ilə görüşüb


09:21     14 Fevral 2020 2020/02/xanim_ibrahimova_gorush_130220_2_1581657824.jpg

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrə Parlamentinin aşağı palatası Milli Şuranın (Konqres) sədri xanım İzabel More ilə görüşüb. Qeyd edilməlidir ki, Milli Şuranın sədri İsveçrədə ən yüksək ranqlı şəxs sayılır.


Səfirlikdən Femida.az-a verilən məlumata görə, görüşdə səfir parlamentlərarası əlaqələrin İsveçrə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu baxımdan İsveçrə Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının (Senat) prezidenti Jan-Rene Furnyenin keçən ilin sonlarında Bakıya səfərinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Eyni zamanda İsveçrə Parlamentində fəaliyyət göstərən azsaylı dostluq qruplarından birinin Azərbaycanla dostluq qrupu olmasından məmnunluq ifadə edilib.

Səfir X.İbrahimova İsveçrə Parlamentinin mart sessiyasında hər iki palatanın üzvləri üçün Səfirlik tərəfindən təşkil ediləcək Azərbaycan barədə ilk təqdimata toxunaraq, yaradılan bu imkana görə Parlament sədrinə minnətdarlığını ifadə edib. Qeyd edilib ki, İsveçrə parlamentariləri Azərbaycan barədə məlumatı əsasən mətbuatdan əldə etdiyi üçün onlara məlumatın daha dolğun və dürüst çatdırılması baxımından bu cür təqdimatların əhəmiyyəti çox böyükdür.

X.İbrahimova həmsöhbətini ölkəmizdə cari il fevralın 9-da baş tutan parlament seçkiləri barədə məlumatlandırıb, bu seçkilərin xalqın iradəsini əks etdirdiyini, 1300-dən çox namizədin 125 mandat uğrunda mübarizə aparmasının həm xalqın seçkilərə marağının, həm də seçkilərin rəqabət mühitində keçməsinin bariz nümunəsi olduğunu vurğulayıb. Bundan başqa, İsveçrədə 2019-cu ilin oktyabrında keçirilən parlament seçkilərində olduğu kimi Azərbaycanda da seçkilər nəticəsində Parlamentin 30%-nin yeniləndiyi, eləcə də yeni Parlamentin 20%-nin qadınlardan ibarət olacağı qarşı tərəfin diqqətinə çatdırılıb.

Görüşdə həmçinin, Azərbaycanla İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən struktur islahatlardan söz açılıb, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

X.İbrahimova Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuza toxunaraq, digər dövlətlərin ölkəmizi etibarlı tərəfdaş kimi görməsi sayəsində bu gün Azərbaycanın Qoşulmama Hərəkatı və GUAM kimi təşkilatlara sədrlik etdiyini diqqətə çatdırıb. İ.More Azərbaycanın nailiyyətlərindən məmnunluğunu dilə gətirərək, ölkəmizə gələcək fəaliyyətində uğurlar arzu edib.

Femida.az

Açar sözlər:

Oxunub: 764