Əmək müqaviləsi bağlayanda nəyi unutmamalı?


09:28     14 Fevral 2020 VEKILLER.jpg

Əmək məcəlləsi yazılı əmək müqavilələri barəsində müddəaları özündə əks etdirir. Qanunvericiliyə müvafiq olaraq əmək müqavilələri müddətli, müddətsiz və əvəzçilik üzrə ola bilir.


Femida.az xəbər verir ki, hər bir tərəfə bir nüsxə verilməklə iki nüsxədə tərtib edilməlidir. Ümumi qaydaya görə, əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınandan sonra qüvvəyə minir. Tərəflərin razılığı ilə, müqavilə Əmək Məcəlləsi ilə müəyyən edilən şablon forma üzrə tərtib edilir.

Əmək müqaviləsi həmçinin təmir-tikinti, yükləmə-boşaltma, məişət, ticarət, əkin, heyvandarlıq işlərinin həyata keçirilməsi üçün kollektiv qaydada bağlanıla bilər. Kollektiv qaydada əmək müqaviləsinin bağlanılması hər bir kollektiv üzvünün yazılı razılığı əsasında mümkündür.

Əmək müqaviləsinin bağlanılması üçün aşağıdakı sənədlər lazımdır:

1. şəxsiyyət vəsiqəsi və ya pasport;

2. əmək kitabçası;

3. dövlət sosial sığortası haqqında şəhadətnamə;

4. təhsil, ixtisas haqqında sənəd;

5. tibbi arayış (tələb olunarsa).


Əmək müqaviləsinin bağlanılması işçinin konkret yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz.

Əmək müqaviləsində aşağıdakı informasiya əks olunmalıdır:


* tərəflər haqqında tam məlumat;

* əmək funksiyası;

* işin görülmə yeri;

* əmək müqaviləsinin müddəti (müddətli və ya müddətsiz) və onun bağlanılma tarixi;

* işin başlanma tarixi;

* əmək şəraiti;

* iş vaxtının və istirahət rejimi;

* əməyin ödənilməsinin miqdarı və digər şərtlər;

* tərəflərin hüquq və öhdəlikləri;

* tərəflərin razılığı üzrə digər məlumatlar.


İşçi əmək müqaviləsi bağlanandan sonra öz vəzifələrinin icrasına başlayır. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əgər bu əməl on nəfər və daha artıq işçiyə qarşı törədilərsə, bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulur. Belə olan halda, 7000 manatdan 10000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edilir (təkrar cinayət zamanı – 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə).

Mənbələr: Əmək Məcəlləsinin 43-49 maddələri, İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsi, Cinayət Məcəlləsinin 162-1 maddəsi


MEDDƏTLİ ƏMƏK MÜQAVİLƏSİ


Əmək Məcəlləsində həm müddətli, həm də müddətsiz əmək müqavilələrinin bağlanılması nəzərdə tutulur. Əgər əmək müqaviləsində onun müddəti dəqiqliklə göstərilməyibsə, müqavilə qeyri-müəyyən müddətə bağlanmış hesab edilir. Müəyyən müddət göstərilmədən bağlanılan əmək müqaviləsi birtərəfli qaydada müddətli müqaviləyə dəyişdirilə bilməz. Daimi xarakterli işlərin görülməsi üçün müddətli əmək müqaviləsinin bağlanılması qadağandır.

Əmək məcəlləsinə əsasən müddətli əmək müqaviləsinin maksimal müddəti 60 aydır (5 il). Müddətli əmək müqaviləsi aşağıdakı hallarda bağlanılır:

1. işdə olmayan işçinin vəzifələrinin icrası;

2. mövsümi iş;

3. müvəqqəti iş (təmir, tikinti, montaj işləri və s.)

4. iş yerində təcrübə keçmə;

5. işçinin şəxsi və ya ailə-məişət səbəblərinə görə;

6. eyni zamanda həm işləyən, həm də oxuyan işçilər;

7. ictimai işlər;

8. seçkili vəzifə;

9. əmək müqavilə tərəflərinin razılığı;

10. əmək müqaviləsinin kollektiv qaydada bağlanılması;

11.qanunvericiliklə nəzərdə tutulmuş digər hallar.

Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər

Mənbələr: Əmək Məcəlləsinin 45, 47 və 73 maddələri

SINAQ MÜDDƏTİ

Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Əmək müqaviləsində sınaq müddəti barədə müddəanın olmaması ona dəlalət edir ki, işçi sınaq müddəti olmadan işə qəbul edilib. Əmək müqaviləsi sınaq müddətinin mövcudluğuna dəqiq işarə etməlidir. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

Aşağıdakı hallarda sınaq müddəti müəyyən edilə bilməz:

* yaşı 18-dən az olan şəxslərlə;

* hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara,

* üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

* təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

* iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

*tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda

Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. İşçi sınaq müddətini keçmədikdə əmək müqaviləsində işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmənin şərtləri göstərilməlidir. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir.

Mənbələr: Əmək Məcəlləsinin 51-53 maddələri

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 2060