Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb


19:55     16 Fevral 2020 20_02_16_1581868631.jpg

Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün Mərkəzi Seçki Komissiyasının önündə keçirilmiş icazəsiz aksiyada jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb.

Mətbuat Şurasından Femida.az-a verilən məlumata görə, monitorinq qrupunun üzvlərinə peşə vəzifələrini yerinə yetirən media təmsilçiləri tərəfindən hər hansı müraciət daxil olmayıb.

Jurnalistlər aksiyaya əsasən üzərində “PRESS” yazılmış gödəkçələrdə qatılıblar. Gödəkçəsiz jurnalistlərə də rast gəlinib. Ümumən media aksiya zamanı yaşanan gərgin anların mərkəzində tam sərbəst şəkildə öz işini görə bilib. Hər hansı maneə qeydə alınmayıb.

Bununla yanaşı, Mətbuat Şurasının monitorinq qrupu bir çox hallarda kütləvi informasiya vasitələrinin nümayəndələrinin aksiyaçılarla polis arasında yaşanmış gərgin situasiyalara daha yaxın olduqlarını müşahidə edib. Belə durumlarda həm jurnalistlərin, həm də hüquq-mühafizə orqanları təmsilçilərinin peşə vəzifələrinin icrası üçün çətinlik ehtimalı yaranıb. Buna görə də jurnalistlərə oxşar vəziyyətlərdə ehtiyatlı davranmaq, öz təhlükəsizliklərini qorumaq tövsiyə edilir.

Açar sözlər:

Oxunub: 720