Vəkilliyə namizədlər üçün icbari təlim başladı


16:44     17 Fevral 2020 20_02_17_1581943593.jpg

Fevral ayının 17-də, Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 87 vəkilliyə namizədlə bir ayadək davam edəcək icbari təlimə başlanılıb.

Femida.az xəbər verir ki, təlim zamanı onların lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq.

Fevral ayının 17-də başlayan icbari təlimin ilk günündə namizədlərlə keçirilən görüşdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov tədbirdə açılış nitqi ilə çıxış edərək, vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirib, Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmun baxımından yeniliklərlə zəngin olması barədə namizədlərə məlumat vermiş və onlara uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək, vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb. O cümlədən, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarının yazılı və şifahi mərhələsindən uğurla keçmiş namizədləri bu münasibətlə təbrik edərək, hazırki icbari təlimin vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulayıb.

Eyni zamanda bildirilib ki, təlimçilərin tərkibi əsasən peşəkar vəkillərdən komplektləşdirilmiş, namizədlər üçün təcrübi dərslərin keçirilməsi, habelə muzeylərə və digər mədəni obyektlərə səfərlərin təşkil olunması nəzərdə tutulub.

Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilmiş, mövzu ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılıb.

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #qanun   #təlim  

Oxunub: 2061