BDU-nun kafedra müdirinə 50 min "atan" şəxsin məhkəməsi olacaq


18:31     17 Fevral 2020 1398947325_mehkeme3.jpg

Bakı Dövlət Universitetinin müəlliminə qarşı 50 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Eldar Yusifov barəsindəki hökmdən prokurorluq protest verib.

Femida.az-ın məlumatına görə, prokurorluq Eldar Yusifova verilən cəzanın ağırlaşdırılmasını tələb edib.

Protest Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına araşdırılır.

Məhkəmə baxışı fevralın 26-a təyin edilib.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda - 50 min pul alaraq vəzifəli şəxslərə verəcəyi və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədini verib. O, məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, pulu Elbrus Əliyev adlı şəxsə verib. E.Əliyev isə istintaqdan yayındığı üçün axtarışa verilib.

Hüseyn Məmmədov BDU-da fəlsəfə müəllimidir. İllərdir BDU-da çalışan H.Məmmədov bir müddət kafedra müdiri olub.

E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Yusifov 11 min manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 524