Vəhşi heyvanların ovuna icazə necə alınır? - Qaydalar və ödənişlər


10:32     18 Fevral 2020 20_02_18_1582007432.jpg


Azərbaycan təbiəti ovçuluq üçün geniş imkanlara malik olduğu üçün ov mövsümü də aktiv keçir. Hətta xarici ölkələrdən ov üçün ölkəmizə gələnlər də az deyil. Bəs Azərbaycanda heyvanları ovlamaq üçün hansı qaydalar tətbiq olunur? İstənilən şəxs istənilən heyvanı ovlaya bilərmi?

Femida.az bildirir ki, bu məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adiyyəti ərazi ekologiya və təbii sərvətlər şöbələri tərəfindən nəzarətə götürülüb.

Xidmətin hüquqi əsasını isə aşağıdakı qanunvericilik aktları təşkil edir :

- "Ovçuluq haqqında" Qanunun 14-cü maddəsi;
- "Ovçuluq haqqında" Qanunun tətbiq edilməsi barədə" Prezidentin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının 2.2-ci bəndi;
- Prezidentin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 10.39-cu və 11.18-ci bəndləri;
- Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ov etmək üçün icazənin verilməsi Qaydası";
- Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr"in 2-ci hissəsi;
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Vəhşi heyvanların ovuna icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament".


Ov etmək istəyən şəxslər, həm şəxsən, həm poçtla, həm də elektron şəkildə müraciət edə bilərlər. Müraciətə 5 iş günü ərzində baxılır və bunun üçün heç bir dövlət rüsumu ödənilmir. Sadəcə olaraq Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr” haqqında qərara əsasən, heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri və dərəcələri müəyyən edilib.



Məsələn, ceyran, maral, muflon, bezoar keçi, qarapaça üçün bu məbləğ 55 manat, çöl donuzu üçün 16.5 manat, bəbir, vaşaq, manul pişiyi üçün 550 manat, qonur ayı üçün 25 manat, çölpişiyi üçün 33 manat, meşə və daşlıq dələləri üçün 4 manat, tülkü, oxlu kirpi, sincab və canavar üçün 5,5 manat, dovşankimilər üçün 1,1 manat, turac üçün 11 manat, kəklik üçün 1.2 manat, bildirçin üçün 15 qəpik, qaşqaldaq üçün 30 qəpik, boz durna üçün 16.5 manat, qağayıkimilər üçün 13.2 manat, qaz və ördəklər üçün 1-11 manat (növünə görə), leyləklər üçün 5-11 manat, qafqaz şahini üçün 220 manat, sərçələr üçün 20 qəpik, gürzə ilan üçün 11 manat, kərtənkələlər və tısbağalar üçün 50 qəpik, qurbağalar üçün 20 qəpik, tibb zəlisi üçün 5 qəpik ödəniş nəzərdə tutulub.

Ölçüsündən, çəkisindən və yaşından asılı olmayaraq, hər bir fərd vəhşi heyvan növünün vurulması və ya tutulması qeyd olunan dəyərə əsasən ödənilir. Göstərilən vəhşi heyvan növlərinin yumurtalarını yığmağa görə hər ədəd yumurtanın dəyəri bir baş vəhşi heyvanın vurulması və ya tutulması üçün müəyyən edilmiş ödəmə dəyərinin 50 faizi miqdarında hesablanır. Beşdəfəlik, ondəfəlik və mövsümi ov üzrə ödəmə müəyyən olunmuş ödəmə dəyərinə müvafiq olaraq 20, 25 və 30 faiz az hesablanır (Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na düşmüş nadir vəhşi heyvan növləri (yarımnövləri) istisna olmaqla).

Ərizəçinin təqdim etdiyi ərizədə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda, ov silahından istifadəyə dair verilən xüsusi icazənin müddəti bitdikdə, qanunvericilikdə nəzərdə tutulan digər hallarda xidmətin göstərilməsindən imtina edilir. Xidmətin göstərilməsindən imtina istifadəçinin vəhşi heyvanların ovuna icazələrin verilməsi ilə bağlı yenidən müraciət etməsinə mane olmur.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması:

- Xidmət haqqının ödənilməsi barədə sənəd
- Ov silahının (odlu və ya soyuq) istifadəsinə dair DİN-in müvafiq orqanları tərəfindən verilən icazə sənədi
- Ovçuluq və üzvlük bileti
- Şəxsiyyət vəsiqəsi
- Ərizə


Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #ov   #ovçu   #qayda   #qanun   #ekologiya   #ETSN   #hüquq   #femida  

Oxunub: 1794