Xədicə İsmayılova ilə bağlı bəyanata səfirlikdən etiraz


22:58     28 Noyabr 2015 xedice%20ism.jpg

Azərbaycanın Avstriyadakı səfirliyi bu ölkənin xarici işlər naziri Sebastian Kurtsun adından yayılmış bəyanata etiraz bildirib.


Avstriya Mətbuat Agentliyinin saytında yer alan etiraz bəyanatında bildirilir ki, xarici işlər naziri S. Kurtsun Bakı Apelyasiya Məhkəməsinin Xədicə İsmayılovanın işinə dair çıxardığı qərarla bağlı mövqeyi təəssüf doğurur. Bir daha qeyd edilməlidir ki, X. İsmayılova jurnalist fəaliyyətinə görə deyil, vergi pozuntularına yol verdiyinə, külli miqdarda mənimsəmə və qanunsuz sahibkarlığa görə məsuliyyətə cəlb olunub.

Etiraz bəyanatında Azərbaycan Xarici İşlər Nazirliyinin 1 sentyabr tarixli bəyanatına istinad edilərək bildirilir ki, Azərbaycan tərəfi Xədicə İsmayılova ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edir.

Təəssüflər olsun ki, Xədicə İsmayılovaya qarşı irəli sürülən ittihamlar hələ istintaq mərhələsində olanda belə istintaqın işinə müdaxilə, istintaqa təzyiq göstərilməsi və ona siyasi don geyindirilməsi kimi qərəzli yanaşma özünü göstərirdi. Bu kimi cəhdlər Azərbaycan Respublikasının suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir. Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmənin çıxardığı qərarlara hörmətlə yanaşılmalıdır. Eləcə də hər bir vətəndaş məhkəmənin çıxardığı qərarlara qarşı qanunla müəyyən edilmiş şəkildə etiraz etmək hüququna malikdir.

Səfirlik hesab edir ki, insan haqları və təməl azadlıqlara hörmət göstərilməsi məsələlərində selektiv yanaşma Azərbaycan və Avstriya arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna ziddiyyət təşkil edir. Bununla bağlı ikitərəfli siyasi və təhlükəsizlik məsləhətləşmələri praktikasının davam etdirilməsi hər iki tərəf üçün maraq kəsb edən mövzuların geniş spektrini əhatə etmək üçün böyük imkan verə bilər.

Açar sözlər:

Oxunub: 1101