İki məşhur şirkətin məhkəməsində qərar verildi


14:01     18 Fevral 2020 1398947325_mehkeme3.jpg

Bir müddətdir ki, iki tanınmış şirkət arasında davam edən məhkəmə prosesi yekunlaşıb.


Femida.az-ın verdiyi xəbərə görə, “İdeal Motors” şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək şirniyyat mağazalar şəbəkəsinə malik “Bon Appetit 1998 Bakery” MMC-yə qarşı iddia qaldırıb.

İddia ərizəsində qeyd olunub ki, “Bon Appetit 1998 Bakery”nin avtomobillərinə texniki xidmət göstərilsə də, şirkət bu əməyin qarşılığını ödəməkdən imtina edib. Belə ki, adıçəkilən şirkətin “İdeal Motors”a avtomobillərin təmirinə görə, 7.271,66 manat borcun ödənilmədiyi bütün müddət üçün 646,89 manat faiz və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.918,55 manat borcu yaranıb.

İş materiallarından bəlli olub ki, müqavilə müddətində “Bon Appetit 1998 Bakery” MMC-yə məxsus “Kia” Frontier, “Fiat” Doblo Cargo “Ford” Transit markalı avtomobillər bir neçə dəfə təmir olunub.

Cavabdeh “Bon Appetit 1998 Bakery” MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməyib və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməyib.

Hakim Leyla Əliyeva cavabdeh “Bon Appetit 1998 Bakery” şirkətindən 7918,55 manat tutularaq iddiaçı “İdeal Motors” MMC-yə ödənilməsinə qərar verib.


Femida.az

Açar sözlər:

Oxunub: 555