Prezident Administrasiyasına daha çox əfv məsələləri, iş və mənzillə bağlı müraciət edilib


09:09     19 Fevral 2020 prezident_adminstrasiyasi_2.jpg

Prezident Administrasiyasına 2019-cu ildə vətəndaşlar əfv məsələləri, iş, mənzil, ünvanlı sosial yardımla təmin olunma, güzəştli kreditlərin verilməsi, pensiyaların yenidən hesablanması, xaricdə müalicə, yaşayış binalarının və mənzillərin təmiri və sənədləşdirilməsi, sahibkarlığın inkişafı, məcburi köçkünlərin evlə təmin edilməsi, təhsil haqqı və digər məsələlərlə bağlı daha çox müraciət ediblər.

Femida.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində əksini tapıb.

Məqalədə qeyd edilib ki, 2019-cu ildə təbii fəlakət mövzusunda həm ərizə, həm də şikayət xarakterli müraciətlərin çoxalması müşahidə olunub. Bu da ötən il fevral ayının 5-6-da Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin törətdiyi fəsadlarla bağlıdır. Prezident İlham Əliyev zəlzələnin nəticələri, daha sonra isə görülən işlərlə tanış olmaq üçün bölgəyə səfərləri zamanı yerli sakinlərlə səmimi görüşlər keçirib, zəlzələdən zərər çəkənləri ilin sonuna qədər yeni evlərdə yaşayacaqlarına əmin edib, bununla da bir daha dövlətin çətin gündə xalqın yanında olduğunu əyani surətdə göstərib: “Doğrudan da 10 ay ərzində zəlzələdən zərər çəkmiş Ağsu, İsmayıllı və Şamaxı rayonlarının sakinləri üçün yüzlərlə yeni ev tikildi, təmir olundu, vəd verilən müddətə zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı. Görülən işlər bir daha göstərir ki, vətəndaşların problemlərinin həlli Prezidentin diqqət mərkəzindədir”.

Prezident Administrasiyasının şöbə müdiri nəzərə çatdırıb ki, əvvəlki illə müqayisədə ekologiya məsələlərinə aid müraciətlərin sayı azalıb. Ətraf mühiti qorumaq və onun qayğısına qalmaq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ən çox diqqət yetirdikləri sahələrdən biridir: “Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb, ölkənin hər yerində gənclərin iştirakı ilə irimiqyaslı yaşıllaşdırma kampaniyasına çevrilib. Aksiya çərçivəsində əkilən ağaclar, salınan bağlar, parklar Azərbaycanın ekologiyasına çox müsbət təsir göstərəcək və hesablamalara görə, sonrakı dövrdə hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq. Əminik ki, bu nəcib təşəbbüs dahi şairimizin irsinin beynəlxalq aləmdə təbliği ilə yanaşı, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və təbiətin ekoloji cəhətdən sağlamlaşmasına böyük xidmət göstərəcək”.

Prezident Administrasiyasının şöbə müdiri nəzərə çatdırıb ki, orta təhsil məsələləri barədə müraciətlərin sayının azalması da son illər aparılan islahatların səmərəli olduğunu göstərir. Bu islahatlar 2019-cu ildə də davam etdirilmiş, məktəblərin maddi-texniki bazası daha da gücləndirilib, 84 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb, 440 məktəb cari təmir edilib, 352 təhsil müəssisəsi qazlaşdırılıb: “Bu tədbirlər sayəsində ölkədəki 4500-ə yaxın məktəbdə təhsil alan 1 milyondan çox şagirdin təlim-tədris şəraiti yaxşılaşıb. 150 mindən çox müəllimin vəzifə maaşı 2 dəfə artıb, Azərbaycan Prezidentinin 2019-cu il 18 iyun tarixli Sərəncamı ilə müəllimlərin orta aylıq əməkhaqları 600 manata çatıb, aylıq əməkhaqqı min manatdan çox olan müəllimlərin sayı 5 min nəfər olub. Müəllim peşəsinin nüfuzu daha da yüksəlib, hətta abituriyentlər arasında bu ixtisası seçənlərin sayı dəfələrlə artıb. Əminik ki, 2020-ci ildə Azərbaycan vətəndaşları daha yaxşı yaşayacaq və aparılan islahatların nəticələrini daha yaxından hiss edəcəklər”.

Femida.az

Açar sözlər:

Oxunub: 255