İki Milli Qəhrəmanın şəhid olduğu gündür


11:09     19 Fevral 2020 20_02_19_1582096205.jpg


Bu gün eyni gündə şəhid olmuş iki Milli Qəhrəmanıən anım günüdür. Yusif Mirzəyev və Vəzir Sədiyev 1993-cü il 19 fevralda Qarabağ müharibəsində cəbhənin ayrı-ayrı istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına həlak olublar.


Yusif Mirzəyev 1958-ci il 23 mayında Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə orta məktəbi bitirən Yusif 1988-ci illərdə Xalq Hərəkatına qoşulur. 90-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnir. Həbsdən çıxdıqdan sonra könüllü olaraq cəbhəyə yollanır.



Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir. Qısa zamanda taborun ən adlı sanlı döyüşçüsünə çevrilir. Yusif 14 nəfərlik dəstə ilə əksər döyüşlərdə iştirak edir. Təhlükəli olduğu üçün tabora Ağdərə istiqamətində çıxmaq əmri verilsə də, 14 nəfərlik döyüşçü ilə Yusif elə bir vəziyyət yaradır ki, düşmən tərəf Ağdərədə böyük bir batalyon olduğunu düşünür. Ancaq böyrəklərindəki xəstəlik şiddətləndikdən sonra bir müddət müalicə almalı olur. O, Şəmistan Əlizamanlı ilə bir otaqda müalicə alır. Onun vəziyyətini yaxından izləyən həkimi Yusif üçün bir mahnı yazır. Dinlədikdən sonra mahnını çox bəyənən Mirzəyevə Şəmistan Əlizamanlı mahnını ifa edəcəyinə və ona həsr edəcəyinə söz verir. Daha sonra Yusif müalicəsini yarımçıq saxlayır və "bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir" deyərək yenidən cəbhəyə yollanır. Bakıda Yusifə müxtəlif vəzifələr təklif edilsə də, o, razı olmur. 1993-cü il 19 fevralda Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən özü şəhid olur.

Ölümündən sonra, o, Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Həmin ilin martında Yusif Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. Şəmistan Əlizamanlı isə söz verdiyi "İgid Əsgər" mahnısını ifa edərək Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr edir. Y.Mirzəyevin Naxçıvanda büstü qoyulub. Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilib, qarşısında büstü qoyulub.



Yusiflə eyni gündə şəhid olan digər Milli Qəhrəmanımız isə Vəzir Sədiyevdir. 6 iyun 1961-ci ildə Gürcüstanın Marneuli rayonunda, Aşağı Qullar kəndində anadan olub. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur. Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edir. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #Qarabağ   #şəhid   #milliqəhrəman  

Oxunub: 2820