Abid Şərifov yanan binadan danışdı


04:09     22 May 2015 azerbaycan8.jpg

Binəqədi rayonu ərazində çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində zərərçəkənlərə maddi yardım göstərilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən Sərəncam imzalanıb.


Femida.az xəbər verir ki, bu barədə Baş nazirin müavini, yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri Abid Şərifov məlumat verib.

Dövlət Komissiyasının sədri deyib ki, bu Sərəncam Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən hazırlanıb. Sərəncamda deyilir ki, yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət alanların hər birinə 5 min manat, bu binanın sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək. Binanın durumundan danışan A.Şərifov bildirib ki, mütəxəssislər yoxlama aparıblar. Bina bərpa olunacaq. Bunun üçün layihə hazırlanıb, on gün ərzində təqdim ediləcək. Təmir-bərpa işləri üçün ilkin vəsait də ayrılıb. Mənzillər dövlət hesabına məişət əşyaları ilə təmir ediləcək. Binanın sakinlərinin bütün kommunal borcları silinib. “Asan xidmət”in səyyar avtobusları binanın yanında fəaliyyət göstərir, sənədlər verilir.

Yanğın zamanı xəsarət alanların vəziyyətinin yaxşılaşdığını bildirən A.Şərifov deyib ki, xəstəxanalarda 12 nəfər qalıb. Bu insanların sağlamlıq durumu Səhiyyə Nazirliyinin və Dövlət Komissiyasının tam nəzarəti altındadır. Son məlumata görə onların hamısı tezliklə xəstəxanadan buraxılacaq. Baş nazirin müavini onu da vurğulayıb ki, yanğın zamanı ziyan dəymiş avtomobillərin sahiblərinə kompensasiya ödənilməsi nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 1226