Penitensiar xidmətdə Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib


09:51     20 Fevral 2020 20_02_20_1582178044.jpg


Avropa Şurasının ekspertləri – Con MkQakin, Yorq Pont və qurumun Bakı ofisinin nümayəndəsi Aynur Quliyeva ibarət nümayəndə heyəti Penitensiar xidmətin Baş idarəsində qəbul edilib.

Femida.az xəbər verir ki, qonaqları salamlayan Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov məhkumların və həbs edilmiş şəxslərin hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsinin, onların sağlamlıqlarının qorunmasının ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib. Beynəlxalq əməkdaşlıq sahəsində nəzərə çarpacaq müsbət dəyişikliklərin əldə edildiyi, beynəlxalq qurumların nümayəndələrinin mütəmadi olaraq cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olduqları qeyd olunub.

Nəzərə çatdırılıb ki, Penitensiar xidmət mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir, çoxsaylı beynəlxalq tədbirlərdə təmsil olunur və qabaqcıl təcrübənin öyrənilməsində maraqlıdır.
Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı nəticəsində əldə olunmuş müsbət nəticələri yüksək qiymətləndirən xidmətin rəis müavini səhiyyə xidmətlərinin və cəzaçəkmə müəssisələrinin idarə olunması mövzusunu əhatə edən “Azərbaycanda Penitensiar İslahata Dəstək-2” (SPERA-2) layihəsi çərçivəsində penitensiar müəssisələrin rəisləri ilə müxtəlif mövzularda seminar və təlimlərin keçirildiyini, xidmətin əməkdaşlarının İspaniya və İsveç Krallığında tanışlıq səfərlərində olduqlarını qeyd edib. Cəzaçəkmə müəssisələrində uğurla tətbiq olunan pilot layihənin gələcəkdə öz töhfəsəni verəcəyindən əminliyini vurğulayıb.

Həmçinin qeyd edilib ki, humanizm siyasətinin təzahürü olan şərti azad etmə institutunun ölkəmizdə yüksək səviyyədə tətbiq olunur, bu isə öz növbəsində cinayət törətmiş şəxslərin islah olunma prosesinin sürətlənməsinə, onların sosial adaptasiyasına geniş imkan yaradır. Bununla yanaşı, O.Qasımov bu sahənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsinin hələ də maraq doğurduğunu vurğulayıb.

Səmimi qəbula və əməkdaşlığa görə Penitensiar xidmət rəhbərliyinə minnətdarlığını bildirən Avropa Şurasının eksperti Con MkQakin cəzaçəkmə müəssisələrində səhiyyə xidmətinin təşkili, cəzaçəkmə müəssisələrinin idarə olunması və keçmiş məhkumların cəmiyyətə inteqrasiyasını qabaqcıl Avropa standartlarına və təcrübəsinə uyğunlaşdırmaq, Azərbaycanda məhkumların müdafiəsini gücləndirmək məqsədi daşıyan “SPERA-2” layihəsinin Azərbaycanda uğurla təbiq olunduğunu diqqətə çatdırıb. O, layihənin cəzaçəkmə müəssisələrində səhiyyə xidmətlərinin təşkili, psixi sağlamlıq və cəzaçəkmə müəssisələrinin idarə olunmasına dair üç qiymətləndirmə hesabatının nəticələri və tövsiyələri əsasında ərsəyə gəldiyini bildirib, səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə müxtəlif rejimli cəzaçəkmə müəssisələrində pilot layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

Layihə üzrə əlaqələndirici Aynur Quliyeva proqramın əhatə etdiyi əsas istiqamətlər barədə iştirakçılara geniş məlumat verib. Daha sonra ekspertlərin coxsaylı sualları cavablandırılmış, mövzu ətrafında konstruktiv və səmərəli fikir mübadiləsi aparılmış, yeni tədbirlər planı müzakirə olunub.

Femida.az

Açar sözlər: #ədliyyə   #Avropa  

Oxunub: 2488