Arvadını öldürməyə cəhd edən kişiyə 14 il həbs cəzası verilib


11:18     20 Fevral 2020 terror%20hebs.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Natiq Dədəcanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az xəbər verir ki, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, N.Dədəcanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd dək ki, hadisə ötən ilin aprel ayında Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. N.Dədəcanov bir müddətdir ayrı yaşadığı həyat yoldaşı Vüsalə Dədəcanovanı Mərdəkan qəsəbəsindəki poçtun qarşısında öldürmək istəyib.

Səbəb isə Natiqin həyat yoldaşı tərəfindən evdən qovulması olub. Bir müddət Bakıda parklarda yatan Natiq evə qayıtmaq istəsə də, arvadı onun ailəsinə qarşı laqeyd olmasını, işləməməsini səbəb göstərərək buna icazə verməyib.

Hadisə baş verən gün Vüsalə Binədəki evindən çıxıb, Mərdəkana gedərkən Natiq poçtun qarşısında arxadan ona yaxınlaşıb. Azyaşlı uşaqlarının gözü qarşısında onun boynundan tutaraq bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirib. Vüsalə vaxtında müqavimət göstərib, bıçaq zərbələrinin bir neçəsindən yayınıb. Sonuncu zərbə Vüsalənin çiyin nahiyəsindən deyərkən bıçağın tiyəsi qırılıb.

Natiqə adam öldürməyə cəhd ittihamı verilsə də, o bildirib ki, Vüsaləni öldürmək niyyəti olmayıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Hadisədən sonra N.Dədəcanov Bulvara gedərək intihara cəhd edib. Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətiriblər.

N.Dədəcanov Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Femida.az

Açar sözlər:

Oxunub: 521