“Bakı Metropoliteni"ndə koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb


14:51     21 Fevral 2020 2020/02/metro-dezinfeksiya_1582198825.jpg

"Bakı Metropoliteni" QSC-də Çində yayılan koronavirus ("2019-nCoV") infeksiyasına qarşı əks-epidemik tədbirlərə başlanılıb.


Femida.az-ın məlumatına görə, “Bakı Metropoliteni”nin mətbuat xidməti vəzifəsini Bəxtiyar Məmmədov bildirib ki, tədbirlər insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılacaq.

Onun sözlərinə görə, sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmaması metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir: "Bu məqsədlə "Bakı Metropoliteni" QSC xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilmə qaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq, dezinfeksiya tədbirlərinə başlayıb. Ardıcıl tədbirlərə bu gündən "Nərimanov" elektrik deposunda qatarlarda başlanılıb. İş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq. Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək. Qatarlarda və stansiyalarda görüləcək tədbirlərin də qrafiki artıq müəyyən olunub".

B. Məmmədov qeyd edib ki, bundan savayı, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənəcək: "İctimaiyyətin tam məlumatlı olması üçün onu da qeyd edək ki, dezinfeksiya zamanı "ProGreen ProFix" dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır. Koronavirusa qarşı gücləndirilmiş ehtiyat tədbirləri səlahiyyətli qurumların müvafiq göstəriş və təlimatlarına müvafiq olaraq davam etdiriləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 628