Rövnəq Abdullayev İranda səfərdə olub


18:25     29 Noyabr 2015 462bbd5986675e0f8931c4d1acb2a51e.jpg

SOCAR prezidenti Rövnəq Abdullayev İranda səfərdə olub.


SOCAR-dan Femida.az-a verilən məlumata görə, R. Abdulalyevin başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak edib.

Tədbirdə İranın neft naziri Bijən Namdar Zəngəne, İran Prezidentinin hüquqi məsələlər üzrə müavini xanım Elham Əminzadə, neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi açılış nitqləri ilə çıxış ediblər.

Daha sonra konfransda İranın neft-qaz yataqlarının işlənilməsi proqramlarının həyata keçirilməsi və hasilatın artırılması, neft-qaz sənayesində investisiya imkanları məsələləri ətrafında çıxışlar dinlənilib, təqdimatlar olub. İran neft sənayesinin mövcud vəziyyətini, imkanlarını və potensialını əhatə edən 50-dən artıq yeni neft-qaz layihəsinin təqdimatı keçirilib.

SOCAR prezidenti İrana səfəri çərçivəsində həmçinin bu ölkənin neft naziri Bijən Namdar Zəngəne və neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanla əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

R. Abdullayev şirkətin Azərbaycan və xarici ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən, “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi üzrə aparılan işlər barədə məlumat verib. Görüşlərdə İranda həyata keçirilməsi planlaşdırılan potensial layihələr haqqında fikirlər səsləndirilib, müzakirələr aparılıb.

Layihələrin həyata keçirilməsi üçün müvafiq hüquqi və kommersiya şərtlərinin vacibliyi, sərmayələrin qorunmasının, münbit investisiya mühitinin təmin olması və s. məsələlər ətrafında fikir mübadiləsi olub.

SOCAR və NİOC arasında bir sıra istiqamətlər üzrə, o cümlədən, əlverişli coğrafi mövqeyi nəzərə almaqla neft-qaz həcmlərinin svap əməliyyatları, neft-qaz treydinqi məsələləri, hər iki ölkədə və üçüncü ölkələrdə kəşfiyyat və hasilat layihələri, neft-kimya layihələri və s. sahələr üzrə mümkün əməkdaşlıq istiqamətləri geniş müzakirə edilib.

SOCAR prezidenti Rövnəq Abdullayev İrana səfəri çərçivəsində konfransda iştirak edən Malaziyanın “Petronas” şirkətinin prezidenti Datuk van Zulkiflee van Ariffin ilə də görüşüb. Görüşdə “Petronas” şirkətinin iştirakçı olduğu “Şahdəniz” layihəsi çərçivəsində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Açar sözlər:

Oxunub: 1047