Üç yaşınadək uşağa qulluğa görə aylıq müavinəti necə almalı? - QAYDALAR


11:02     25 Fevral 2020 20_02_25_1582614186.jpg


Femida.az "Hüquqi maarifləndirmə" layihəsi çərçivəsində növbəti mpvzunu təqdim edir. Üç yaşınadək uşağa qulluğa görə aylıq müavinətin təyin edilməsi hansı qaydada aparılır?


Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

Cəmiyyətdə "analıq məzuniyyəti" kimi bilinən bu müddətdə sığortaolunan vətəndaşlara uşağın üç yaşı tamam olanadək hər yaş dövrü üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə ona qulluq etməyə görə müavinət təyin edilir. Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə müavinət alır.

Vacib qeyd: Əgər uşaq məktəbəqədər təhsil müəssisələrində (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası) yerləşdirilmişdirsə, belə hallarda məzuniyyət təqdim edilmir və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət təyin edilmir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə"nin 1.1, 3.1.14 və 3.1.20-ci bəndləri; Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin IV-cü bəndi; "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, hər bir valideyn bu hüquqdan istifadə edə bilər.
Müavinətin təyin olunması üçün hər hansı rüsum tələb olunmur və Dövlət Sosial Müdafiə Fondu tərəfindən müraciətə baxılma müddəti 5 iş günüdür.

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müəyyən etdiyi müvafiq komissiya tərəfindən təyin edilir. Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda DSMF tərəfindən təyin olunur və verilir.

Müavinətin təyin olunması üçün tələb olunan 3 sənəd:

- Uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmri (sərəncamı)
- Müavinət təyin edən komissiyanın protokolu
- Uşağın doğum haqqında şəhadətnaməsi

Uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət almaq üçün uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti təqdim olunmalıdır. Komissiyanın valideynə məzuniyyət verilməsi barədə qərarına əsasən, uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması iclas protokolunda qeyd edilməlidir.

Tam olmayan ay üçün müavinət ananın məzuniyyətdə olduğu həmin aydakı təqdim günlərinə mütənasib qaydada verilir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları 5 (beş) iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Qeyd edək ki, bu xidmət ƏƏSMN tərəfindən tam elektronlaşdırılıb.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #qanun   #hüquq   #müavinət   #ƏƏSMN   #sosial   #DSMF   #uşaq   #valideyn  

Oxunub: 1148