Aprel şəhidi Nəcməddin Savalanovun doğum günüdür


10:38     26 Fevral 2020 20_02_26_1582699356.jpg


Bu gün aprel şəhidi Nəcməddin Savalanovun doğum günüdür.

Femida.az xatırladır ki, Nəcməddin Savalanov 1985-ci ilin 26 fevralında İmişlinin Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamladıqdan sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib. Leytenant rütbəsi aldıqdan sonra N saylı hərbi hissədə mühəndis tağım komandiri vəzifəsinə təyinat alıb.

Burda kapitan rütbəsinə qədər yüksələn Savalanov 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası alıb. Müalicə olunmaq üçün Bakıya - Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib. Burada bir müddət müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nəcməddin mayın 8-də şəhidlik zirvəsinə yüksəlib.



Mayın 9-da Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri iştirak edib.

Nəcməddin Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Özündən sonra Nəcməddinin iki qız, bir oğlan övladı yadigar qalıb.


N.Savalanovun dəfni

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #şəhid   #NəcməddinSavalanov  

Oxunub: 3026