Konstitusiya Məhkəməsində Xocalı qurbanları anılıb


16:35     26 Fevral 2020 20_02_26_1582720578.jpg


Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.


Femida.az xəbər verir ki, fevralın 24-də Konstitusiya Məhkəməsində bəşəriyyət tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbir Xocalı faciəsinə həsr olunmuş gənc rəssamların rəsm işlərinin təqdimatı ilə başlayıb.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Sədr Fərhad Abdullayev bildirib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini incəsənət vasitəsilə yaşatmaq təqdirəlayiq haldır.

Sərgidə, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, tanınmış heykəltəraş, Xalq rəssamı, professor Fuad Salayev iştirak edib.

Sədr sərginin Konstitusiya Məhkəməsində təşkilinə görə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına təşəkkürünü bildirib.

Daha sonra Fərhad Abdullayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı faciəsindən danışıb. Qeyd edilib ki, Xocalı soyqırımı erməni şovinistlərinin azərbaycanlılara qarşı XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixdə Azərbaycan xalqına qarşı ən dəhşətli və qanlı faciə - Xocalı soyqırımı törədilib. Ermənistan silahlı qüvvələrinin bir gecədə azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 nəfər yaşlı insan qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb, 150 nəfər itkin düşüb.

Sədr vurğulayıb ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və beləliklə Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verilib. Ümummilli Lider bu soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıb, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.



Konstitusiya Məhkəməsinin Sədri qeyd edib ki, Xocalı soyqırımı barədə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması birbaşa dövlətimizin başçısı İlham Əliyevin tapşırıqları və nəzarəti altında həyata keçirilir. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətləri bütün beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırır. Məhz bu addımların sayəsində son illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli iş aparılır.

Fərhad Abdullayev diqqətə çatdırıb ki, fevralın 15-də 56-cı Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel-müzakirələrdə dövlətimizin başçısı Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı. Azərbaycan Prezidenti tarixə ekskurs edərək və beynəlxalq hüquq normalarına istinad edərək Dağlıq Qarabağın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olmasını bütün dünyaya bir daha sübut etdi. Sədr vurğulayıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin bir daha beynəlxalq birliyin diqqətinə çatdırılması son dərəcə önəmli hadisə oldu.

Konstitusiya Məhkəməsinin Sədri Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mühüm layihələri qeyd edib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədəki misilsiz xidmətlərini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, məhz bu uğurlu fəaliyyət nəticəsində hazırda dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul ediblər. Bu səylərin nəticəsində artıq dünya ictimaiyyəti Xocalı faciəsi, torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır.

Fərhad Abdullayev Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini də diqqətə çatdırıb. Məhz Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

Sədr Fərhad Abdullayev Xocalıda azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin həyata keçirdiyi kütləvi qırğının soyqırımı olmasını beynəlxalq hüquq normalarının təsdiqlədiyini və bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını almalarının vacibliyini vurğulayıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə Azərbaycan hüquqşünaslarının da üzərinə düşən vəzifələrdən danışan Konstitusiya Məhkəməsinin Sədri diqqətə çatdırıb ki, hər birimiz Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımını törədənlərin layiqli cəzalarını almaları istiqamətində səylərimizi artırmalıyıq.

Konstitusiya Məhkəməsinin qonağı – görkəmli heykəltəraş, Azərbaycan Respublikasının Xalq rəssamı Fuad Salayev tədbirdə çıxış edərək bildirib ki, Xocalıda baş verən hadisələr Azərbaycan xalqının faciəsidir. Lakin bu faciə xalqımızın mübarizə əzmini qıra bilmədi. Fuad Salayev qeyd edib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc rəssamları sərgidə təqdim olunmuş rəsm işləri vasitəsilə Xocalı soyqırımının ağrısını əks ediblər. Xalq rəssamı çıxışının sonunda vurğulayıb ki, Xocalıda baş verən faciə bir də heç bir zaman təkrar olunmamalıdır.

Tədbirin sonunda Sədr Fərhad Abdullayev gənc rəssamlara, yaradıcı, öz Vətənini sonsuz dərəcədə sevən istedadlı insanlara, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova və prorektoru Fuad Salayevə Konstitusiya Məhkəməsi adından dərin təşəkkürünü bildirib.

Femida.az

Açar sözlər: #KonstitusiyaMəhkəməsi  

Oxunub: 601