Baş Prokurorun müavini Vəkillər Kollegiyasını rəhbərliyi ilə görüşdü


19:39     26 Fevral 2020 20_02_26_1582724896.jpg


Fevralın 25-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni təyin olunmuş rəisi Orxan İsayev Vəkillər Kollegiyasının Rəyasət Heyətində olub.


Femida.az xəbər verir ki, rəsmi qonağı salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov onu yeni təyinatı ilə bağlı təbrik edərək işində uğurlar arzulayıb, idarənin fəaliyyətinin məzmunca yeni xarakter alacağına, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanından irəli gələn aidiyyəti tapşırıqların uğurla yerinə yetiriləcəyinə dair əminliyini ifadə etmiş, Dövlət ittihamının müdafiəsi üzrə idarə ilə Kollegiya arasında səmərəli əməkdaşlıq münasibətlərinin zəruriliyi barədə fikirlərini səsləndirib.

Vəkillər Kollegiyasının sədrinin müavinləri, Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının üzvlərinin də iştirak etdiyi görüşdə tərəflər üçün qarşılıqlı maraq kəsb edən məsələlər, xüsusilə vəkillər ilə hüquq-mühafizə orqanlarının nümayəndələri arasında qeyri-prosessual münasibətlərin yolverilməzliyi, məhkəmə proseslərində dövlət ittihamçıları ilə vəkillər arasında daha peşəkar münasibətlərin qurulmasının ədalət mühakiməsinin səmərəli həyata keçirilməsindəki rolu ətrafında müzakirələr aparılıb.

Sonda tərəflər dövri olaraq analoji görüşlərin keçirilməsinin hər iki qurum üçün faydalı olacağı, gələcəkdə daha geniş tərkibdə tədbirlərin keçirilməsinin zəruri olması barədə fikirlərini bildiriblər.

Femida.az

Açar sözlər: #vəkil   #prokuror   #qanun   #hüquq  

Oxunub: 2770