Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır


22:29     26 Fevral 2020 2020/02/27F6B9D0-A3BA-460A-8206-37917EEFA947_1582741312.jpeg


Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır.

Bunu Femida.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib: "Bu ilin 25 fevral tarixində nazir Elmar Məmmədyarovun Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Söhbət zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan edildiyi kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və xüsusilə də Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət əsasında həll olunmasına dair Azərbaycanın prinsipial mövqeyini Aİ-nin ali nümayəndəsinin diqqətinə çatdırıb. Nazir, Aİ-nin münaqişənin həlli üzrə sərgilədiyi mövqeyə və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Tərəflər, həmçinin Azərbaycan və Aİ arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə aparılan danışıqların cari vəziyyəti barədə danışıblar. Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsi məsələsinə toxunublar.

Tərəflər habelə, Avropanın enerji təminatında mühüm rol oynayan Cənubi Qaz Dəhlizinin həyata keçirilməsi, onun gələcəkdə genişləndirilməsi, eləcə də nəqliyat və bağlılıq məsələlərini müzakirə etdilər".

Femida.az

Açar sözlər:

Oxunub: 464