Azərbaycandan ən çox hansı məhsulların ixrac edildiyi açıqlandı


17:24     28 Fevral 2020 20_02_28_1582896306.jpg


2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 2,1 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 851 milyon ABŞ dolları və ya 66,5 faiz artıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Femida.az-a verilən məlumata görə, bu müddətdə qeyri-neft sektoru üzrə 141 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 3,4 milyon ABŞ dolları və ya 2,5 faiz artıb.

2020-ci ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 16,3 milyon ABŞ dolları) başçılıq edib. Bu siyahıda pomidor (13,2 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (11,2 milyon ABŞ dolları) üçüncü olub.

2020-ci ilin yanvar ayında Rusiyaya 48,2 milyon, Türkiyəyə 33,1 milyon, İsveçrəyə 17 milyon, Gürcüstana 8,5 milyon və Çinə 5,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ildə Rusiyaya qeyri-neft ixracı 4 faiz, Türkiyəyə 31 faiz, İsveçrəyə 73 faiz və Çinə 2,1 dəfə artıb. Eyni zamanda qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (23,5 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6 faiz) və Çinə (4,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 234