Ombudsman Aparatında növbəti istehsalat və elmi-tədqiqat təcrübəsi başlayıb


14:56     29 Fevral 2020 ombudsmanliq.jpg

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbə və magistrantlarının növbəti istehsalat və elmi-tədqiqat təcrübəsi başlayıb.


İlk təcrübə günü Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tələbə və magistrantlarla görüşüb. O, əvvəlcə təcavüzkar erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi olan Xocalı faciəsi barədə danışıb, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların zəbt edildiyini, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın bütün fundamental hüquqlarının pozulduğunu diqqətə çatdırıb.

A.Səfixanlı görüşdə ölkəmizdə bütün sahələrdə həyata keçirilən hərtərəfli və köklü islahatlardan danışarkən Azərbaycanın beynəlxalq qurumlara bərabərhüquqlu üzv kimi qoşulduğunu, 1995-ci ildə qəbul edilmiş və ümumxalq səsverməsi - referendumlar nəticəsində daha da təkmilləşmiş Konstitusiyamızın insan hüquqlarının səmərəli təmininə zəmin yaratdığını diqqətə çatdırıb, ölkəmizdə Ombudsman təsisatının yaradılmasının əhəmiyyətindən bəhs edib, təsisatın mandatı və səlahiyyətləri, fəaliyyət istiqamətləri, regional mərkəzləri və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib. Bundan başqa o, Müvəkkilin işgəncələr əleyhinə Milli Preventiv Mexanizm və “İnformasiya əldə etmək haqqında” Qanunun icrasına nəzarət funksiyaları barədə danışıb.

Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edildiyini xatırladan Aparat rəhbəri Ombudsman təsisatının da bu çağırışa qoşulduğunu və hazırda təsisatda istehsalat təcrübəsi keçən tələbələrlə yanaşı, könüllülərin də fəaliyyət göstərdiyini bildirib.

Görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Ümumilikdə, Ombudsman Aparatında indiyə qədər 400-dək tələbə və magistrant elmi-tədqiqat təcrübəsi keçərək müvafiq xasiyyətnamələr alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 199