Sənədlərin apostil edilməsi və ya onun leqallaşdırması nə deməkdir? - HÜQUQİ YARDIM


11:26     02 Mart 2020 2020/03/huquqi-yardim2_1583134133.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu sənədlərin apostil edilməsi qaydası ilə bağlıdır.



Sənədlərin apostil edilməsi və ya onun leqallaşdırması nə deməkdir?


Mövzu ilə bağlı Femida.az-a açıqlama verən hüquqşünas Yalçın Hacızadə bildirib ki, başqa bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin iki növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırması.


Apostil - sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Apostilin özündə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırmasına ehtiyac yoxdur və tələb də olunmur.


Leqallaşdırma isə - konsulluqlar vasitəsi ilə həyata keçirilir, sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir.


Apostil edilməsi ilə leqallaşdırma arasında fərq nədədir?


Hüquqşünasın sözlərinə görə, Leqallaşdırma daha uzun müddətli prosedur olaraq bir neçə qurumların təsdiqini zəruri edir. Həmçinin, sənədin istifadə olunması nəzərdə tutulmuş xarici dövlətin konsulluğu tərəfindən təsdiq edilir və leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.

Apostilin verilməsi isə birpilləli prosedur olmaqla sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutur və həmin sənəd "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına üzv olan bütün dövlətlərdə təqdim edilə bilər.



(Hüquqşünas Yalçın Hacızadə)



Hansı sənədlər apostil edilir?


Hansı sənədlərə apostilin verilməsini "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" Haaqa Konvensiyasının üzvü olan hər dövlət özü müəyyən edir. Ümumilikdə isə - dövlət orqanları tərəfindən verilən sənədlər, məhkəmə sənədləri, notariat qaydasında təsdiq edilmiş sənədlər, o cümlədən hüquqi şəxs tərəfindən verilmiş sənədlərin notariat qaydasında təsdiq edilmiş surət və ya tərcümələri, fiziki şəxsin imzaladığı sənədlər (əgər onun imzası notariat qaydasında təsdiq edilibsə) apostil edilir.
Məhkəmələrin, prokurorluq orqanlarının, ədliyyə orqanlarının, notariat qaydasında təsdiq edilmiş və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə Ədliyyə Nazirliyi; digər sənədlərə münasibətdə isə apostil verilməsi üzrə səlahiyyətli orqan qismində Xarici İşlər Nazirliyi müəyyən edilmişdir.
Konsul leqallaşdırması üzrə funksiyaları Azərbaycan Respublikasında Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi, xarici ölkələrdə isə Azərbaycan Respublikasının konsulluqları tərəfindən həyata keçirilir.
Diplomatik və konsul agentləri tərəfindən tərtib edilmiş sənədlərə, gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə apostil verilmir.


Hansı ölkələrdə apostil deyil leqallaşdırma tətbiq edilir?


"Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya üzv olmayan dövlətlər üçün sənədlərin leqallaşdırılmasl proseduru tətbiq edilir. Sənədlər Ədliyyə Nazirliyinə daxil olduqdan 5 iş günü müddətində yoxlanıldıqdan sonra onlara apostil verilir. Apostilin verilməsi üçün təqdim edilmiş sənədlərin əlavə yoxlanılması tələb edildikdə, eləcə də sənədlərin sayı 10-dan artıq olduqda apostilin verilməsi müddəti 5 gün və ya daha artıq müddətə uzadıla bilər. Apostilin verilməsi və ya leqallaşdırma sənədin əsli və ya onun notariat qaydasında təsdiq edilmiş surət və yaxud tərcüməsinə münasibətdə həyata keçirilə bilər. Ölkəmizdə sənədlər Ədliyyə Nazirliyinə bilavasitə sənəd sahibi tərəfindən, notariat ofisləri vasitəsi ilə, "ASAN xidmət" mərkəzləri vasitəsi ilə və ya üçüncü şəxslər tərəfindən.


Dövlət rüsumu nə qədərdir?

Ölkəmizdə bir sənədə apostilin verilməsinə görə dövlət rüsumu 10 manat təşkil edir, leqallaşdırma üçün təqdim olunan sənədin təsdiqinə görə dövlət rüsumu nəzərdə tutulmamışdır.


Hazırladı: Miri Məcidli
Femida.az


Açar sözlər: #apostil_qaydaları   #hüquqi_yardım   #sənədlər   #vizalar   #hüquqşünas   #Yalçın_Hacızadə  

Oxunub: 4084


Oxşar xəbərlər