“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanında 7 mindən çox namizəd iştirak edib


19:42     02 Mart 2020 2020/03/6a297000-3b89-4075-941e-7380cbce4130_1583154797.jpg

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət imtahanı keçirilib.


Femida.az xəbər verir ki, iştirakçılar saat 11:00 və 15:00 olmaqla 2 sessiyada testə qatılıblar.

İmtahanda 7 059 namizəd iştirak edib.

İmtahanda abstrakt və məntiqi düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə olmaqla 3 bölmədə suallar təqdim edilib.

Əsas imtahanda iştirakçılar abstrakt və məntiqi düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab veriblər. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunub. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala cavab vermək üçün 2 dəqiqə vaxt ayrılıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin Onlayn mərhələsinin hər iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Onlayn mərhələni başa vuran iştirakçıların nəticələri T-şkalası əsasında hesablanaraq 2 həftə ərzində şəxsi kabinet vasitəsilə təqdim ediləcək.

Femida.az

Açar sözlər: #yüksəliş  

Oxunub: 723