Övladlığagötürmə ilə bağlı yeni altsistem təqdim olundu


11:21     03 Mart 2020 korpe-usaq-liderxeber-640.jpg

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında və DOST Agentliyində övladlığagötürmə üzrə idarəçiliyi təmin edəcək struktur bölmələr yaradılıb".



Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatında çıxışı zamanı deyib.

A.Kərimov qeyd edib ki, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu, onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi yeni övladlığagötürmə modelinin başlıca prinsiplərindən biridir.

Nazir müavini bildirib ki, bununla bağlı Qaydada valideyn-namizədlə, onun ailə tərkibi, gəlirləri və s. ilə bağlı konkret tələblər, şərtlər qeyd edilib:

"Övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub. Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, inkişaf səviyyəsi monitorinqlər vasitəsilə öyrəniləcək".

Nazir müavini xatırladıb ki, valideyn-namizədlərlə bağlı minimum yaş tələbi (subay – 30 yaş, evli – 25,), valideyn-namizədlərin daha mükəmməl qiymətləndirilməsi üçün mərhələlər (uçot, müsahibə, ev şəratinin yoxlanılması, təlim, uyğunlaşdırma, müəssisədə görüş, sınaq müddəti və məhkəmə), övladlığagötürməyə imkan verməyən hallar, övladlığagötürmə üçün ailənin gəlirləri ilə bağlı konkret tələblər və s. müəyyən olunub.

Nazir müavini eyni zamanda, övladlığagötürmə sahəsində idarəetmənin e-texnologiyalar üzərində aparılacağını deyib. O bildirib ki, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və valideyn-namizədlərin vahid e-uçotu bu altsistem vasitəsilə aparılacaq. Ümumilikdə övladlığagötürmə prosesinin bütün mərhələləri üzrə məlumatlar altsistemə daxil ediləcək və altsistem övladlığagötürmə üzrə xidmətlərin e-qaydada təqdim olunmasına imkan verir.

Məlumat üçün bildirək ki, qanunvericilikdə nəzərdə tutulan qurumlar valideyn himayəsindən məhrum olmuş uşağı aşkar etdikdən sonra bu barədə məlumatları altsistemə 24 saat ərzində daxil etməlidir. Məlumatlar daxil edildiyi gündən həmin uşaq vahid uçota alınır.

Valideyn-namizəd şəxsi kabinetindən altsistemin qiymətləndirmə bölməsinə daxil olaraq müvafiq məlumatları daxil etməklə, övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənə də bilər.

Açar sözlər:

Oxunub: 633