Vəkillər Kollegiyası əməkdaşlıq haqqında razılaşma sənədi imzalayıb


14:19     03 Mart 2020 2020/03/15832268519021048055e5e1fe3dcf66_1583230871.jpeg

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Biznesin əlçatan və peşəkar hüquqi yardıma çıxış imkanları" mövzusunda konfrans keçirilib.

Femida.az-ın məlumatına görə, konfransda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, sahibkarlara hüquqi yardım məsələsi çox aktualdır və bütün sahibkarları maraqlandırır: "Bilirik ki, sahibkarların hüquqları tapdananda onlar bunu hüquq müstəvisində həll etməyə çalışırlar və əksər hallarda buna nail ola bilmirlər. Biz KOBİA olaraq hər zaman sahibkarların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət veririk və buna görə də Vəkillər Kollegiyası ilə əməkdaşlıq etmək niyyətindəyik".

O. Məmmədov VK ilə əməkdaşlığa dair konkret təkliflərlə də çıxış edib: "Hesab edirəm ki, kiçik və orta biznes evlərində hüquqi ximət göstərilə bilər. Yeni yaradılan "Kob evləri"ndə vəkil kabinetlərinin təsisatına şəraət yarada bilərik. Digər məsələ isə sahibkarların hüquqi maarifləndirilməsidir. Bu baxımdan düşünürəm ki, bu gün imzalanacaq razılaşma sənədi iki qurum arasında münasibətlərin daha da inkişafına səbəb olacaq".

Vəkillər Kollegiyasının sədri Anar Bağırov da çıxışında bu cür tədbirlərin vəkil-sahibkar münasibətlərinin inkişafı üçün böyük rola malik olduğunu qeyd edib. A. Bağırov çıxışında Vəkillər Kollegiyasının fəaliyyətinə də toxunub: "Məlum olduğu kimi, son 2 il ərzində Azərbaycanda vəkillik inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə vəkillərin, Vəkil Bürolarının, hüquq məsləhətxanaların sayı artır. Kollegiya son 2 il ərzində ictimaiyyətlə sıx əməkdaşlıq edir. Bizim üçün sevindirici haldır ki, bu tədbir belə geniş formatda keçirilir".

Sədr bildirib ki, Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün proqram xarakterli yol xəritəsidir: "Vəkillər Kollegiyası da öz növbəsində Fərmandan irəli gələn məsələlərin həllinə öz töhvəsini verir. Qeyd etmək istəyirəm ki, Mediasiya Şurası artıq dövlət qeydiyyatına alınıb. Bu aydan etibarən şura fəaliyyət göstərməkdədir. Azərbaycanda Mediasiya Şurasının təsis edilməsi biznesin müdafiəsi istiqamətində böyük əhəmiyyətə malikdir. Çünki sahibkarlar aralarında yaranan mübahisələri məhkəmə olmadan həll edə biləcəklər. Əvvəlcə, mediatra müraciət olunmalıdır və medatr tərəfləri barışdırmalıdır. Barışıq olmasa, işə yalnız o halda məhkəmədə baxılacaq. Digər tərəfdən ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində Kommersiya Məhkəməsinin yaradılması da böyük addım idi".

A. Bağırov deyib ki, KOBİA ilə əməkdaşlıq çərçivəsində maddi imkanı aşağı olan sahibkarlara ödənişsiz hüquqi yardım da göstərilə bilər.

Sonra tərəflər arasında əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb.

Daha sonra KOBİA-nın fəaliyyəti barədə video-çarx nümayiş etdirilib.

Sonda konfransda əməkdaşlığın istiqamətləri ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.

Açar sözlər:

Oxunub: 707