Xaricdə bağlanan nikahın hüquqi əsasının olub-olmadığı necə müəyyən edilir? - HÜQUQİ CAVAB


16:10     03 Mart 2020 20_03_03_1583237446.jpg

Xaricdə bağlanan nikahın hüquqi əsasının olub-olmadığı necə müəyyən edilir?


Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Femida.az-ın sorğusuna aydınlıq gətirib. Nazirlikdən verilən açıqlamanı təqdim edirik:

1 - Xaricdə bağlanan nikahın əslində hüquqi əsasının olub olmadığını necə təyin etmək olar?

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, həmin Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

2 - Bunun üçün hansısa məlumat bazası var?

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sistemində ölkə ərazisində dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə dair məlumatlar əks olunur.
Azərbaycan Respublikasının vətəndaşı xarici ölkənin səlahiyyətli qurumunda nikaha daxil olduqda isə o, həmin nikaha dair məlumatın Ədliyyə Nazirliyinin informasiya sistemində əks olunması üçün onu müəyyən olunmuş qaydada leqallaşdıraraq yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin rayon (şəhər) və ya “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsinə təqdim edə bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ədliyyə   #nikah   #xaric  

Oxunub: 3969