Arvadını benzin töküb yandıran şəxs hökmdən narazı qalıb


16:21     03 Mart 2020 1421915026_atasini-balta-ile-olduren-shexse-hokm-oxunub-cenubnews.jpg

Bakı Apelyasiya Məhkəməsində qeyri-rəsmi nikahda olduğu qadının üstünə benzin tökərək yandırmaqda təqsirli bilinən Ceyhun Xudabaxışovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 16-a təyin edilib.

Qeyd edək ki, hadisə ötən il mayın 5-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ailədaxili münaqişə zamanı C.Xudabaxışov həyat yoldaşı Raziyə Aslanovanın üzərinə benzin tökərək ona od vurub. Ağır dərəcəli bədən xəsarətləri almış qadın dərhal 5 saylı xəstəxanaya çatdırılb.

Törətdiyi cinayət əməlinə görə, C.Xudabaxışovun barəsində Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq dövründə isə C.Xudabaxışovun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü ( ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib.

Təqsirləndirilən C.Xudabaxışov ifadəsində deyib ki, səhər saatlarında yuxudan oyandıqda evin səliqəsiz olduğunu görüb arvadı ilə mübahisə edib.

O, ailə üzvlərini həyətə çıxarıb və oğlunu benzin almağa yollayıb. Atasının niyyətindən xəbərsiz olan övladı dükandan aldığı plasmas qabdakı benzini ona verib. Ceyhun benzini otaqlara səpməyə başlayarkən Raziyə içəri girib və ona mane olmağa çalışıb. Əri onun da üzərinə benzin töküb:

“Sonra evdən çıxdım, pilləkəndə oturub siqaret çəkdim. Evə girdim, yenə dedim, evi yandıracağam. Raziyə çölə çıxmadı. Onu itələdim, elektrik qızdırıcısına dəydi, yanmağa başladı. Tez odeyal götürüb söndürməyə çalışdım. Sonra xəstəxanaya apardıq”.,-qəddar cinayətə əl atan Xudabaxışov belə deyib.

Zərərçəkmiş Raziyə Aslanova bildirib ki, əri benzini üstünə tökdükdən sonra onu alışqanla yandırıb. Çörəkbişirmə sexində işləyən qadın səhər saatlarında gecə növbəsindən qayıdan zaman ərinin yenə də içkili halda yatdığını görüb. Yorğun olduğundan qızına dincələcəyini bildirib, atası ayılanda onu yuxudan oyatmağı tapşırıb. Bir qədər sonra isə ərinin qışqırığına yuxudan ayılıb.

“Yuxudan oyanıb Ceyhunun yanına getdim. Saçımdan yapışıb qabyuyana sarı apardı. Qabların niyə çirkli olduğunu soruşdu. Dedim, çayını iç, indi hamısını yuyub təmizləyəcəyəm. Lakin səliqəsizliyi, natəmizliyi bəhanə edib məni döydü, təpiklə vurdu. Oğlumu qonşuya benzin almağa göndərdi. Uşaq atasının qorxusundan pulu götürüb çıxdı”- zərərçəkmiş R.Aslanova deyib.

R.Aslanovanın ifadəsinə görə, ərinin əlindən qaçıb həyətdə gizlənib, onun sakitləşməsini gözləyib. Elə bu vaxt qızı ağlaya-ağlaya yanına gələrək atasının evə benzin tökdüyünü deyib: “Tez evə sarı qaçdım. Mən içəri girən kimi giriş qapısını bağladı, benzini əşyaların, döşəmənin üstünə səpdi, hamısını yandıracağını dedi. Yalvardım, dedim ki, yandırma, bizdən əl çək. Yalvarışlarıma baxmadı, mənim də üstümə benzin tökdü, alışqanı yandırıb əlimə sarı uzatdı. Alışqanı mənə uzadan kimi alov qalxdı, yanmağa başladım. Evin ortasında o baş bu başa qaçdım. Alov ən çox bədənimin sol tərəfinə yayılmışdı. Qızımla birgə alovu vaxtında söndürdüyüm üçün evdəki əşyalara ziyan dəymədi”.

C.Xudabaxışov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən apellyasiya şikayəti verib.

Femida.az

Açar sözlər:

Oxunub: 727