Krediti maaş kartından tutulan vətəndaş nə etməli? CAVAB


18:41     30 Noyabr 2015 23733.jpg



Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Son vaxtlar bizə ünvanlanan sualların arasında maaş kartlarından tutulan kredit ödənişləri ilə bağlıdır. Bank maaş kartından ödənişləri çıxdıqdan sonra, vətəndaş maliyyə problem yaşayır. Mövcud məsələ ilə bağlı suallarımızı maliyyə sahəsi üzrə ekspert, vəkil Əkrəm Həsənov cavablandırıb.

Əkrəm Həsənov:
“Bankdan kredit götürmüş və ya kreditə görə zamin durmuş şəxslərin bir qismi maaşını həmin bankın verdiyi kart vasitəsilə alır (işəgötürənin bankla razılığı əsasında). Bir qayda olaraq, kredit-zaminlik-kart müqaviləsində təsbit edilir ki, borclunun,zaminin banka borcu olarsa, bank həmin borcu kartdan silə bilər. Buna görə də, kredit üzrə problem yaranan kimi bank borcu kartdan tutur. Nəticədə vətəndaş gəlirsiz qalır, dolanmağa, ehtiyaclarını ödəmək üçün pul tapmır.

Əlbəttə, əgər vətəndaş maaşını başqa cür alsaydı (nağd şəkildə, yaxud digər bankdakı maaş kartı vasitəsilə), belə problemlə üzləşməzdi. Çünki, bank məcbur olacaqdı ki, borclunu,zamini məhkəməyə versin. Məhkəmə də, təbii ki, onun maaşının yalnız elə hissəsini tuta bilərdi ki, özünün və ailəsinin ehtiyaclarını ödəmək üçün vəsait qalsın. Bu halda banka qəpik-quruş çatacaq. Məsələn, tutaq ki, vətəndaşın maaşı 500 manatdır, himayəsində həyat yoldaşı və iki uşağı var. “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manatdır. Beləliklə, həmin şəxsin ailəsinin yaşayış minimumu 496 manatdır (140+140+108+108). Deməli, banka ən yaxşı halda ayda cəmi 4 manat qalacaq. Vətəndaş sübut etsə ki, zəruri digər xərcləri də var (məsələn, ailə üzvündən kimsə xroniki xəstədir və daim müalicəsi üçün pul tələb olunur və s.), banka ümumiyyətlə heç nə çatmayacaq.

Yaxşı, bəs vətəndaş necə etsin ki, bank tərəfindən kartından maaşının tutulmasına son qoysun?

Əlbəttə, vətəndaş məhkəməyə müraciət edərək tələb edə bilər ki, maaşından tutma yalnız yaşayış minumumu həddindən yuxarı hissədə həyata keçirilsin. Lakin bu, çox uzunmüddətli çəkişmə ola bilər. Buna görə də ən qısa yol ondan ibarətdir ki, vətəndaş işəgötürəndən tələb etsin ki, maaşını ona nağd və ya digər bankdakı hesabına köçürmə yolu ilə versin (yəni borclu olduğu bankın maaş kartını ləğv etdirsin). İşəgötürən bundan imtina edə bilməz.
Çünki Əmək Məcəlləsinin 174-cü maddəsində deyilir: “1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. 2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.”

Hətta işəgötürən bəhanə gətirərək desə ki, bu, onun xərclərini artırır, vətəndaş həmin xərcləri ödəyəcəyini bildirsin. Məsələn, tutaq ki, işəgötürən deyir ki, maaşı digər banka köçürmək üçün hər dəfə 3 manat məbləğində komisyon haqq ödəməli olacaq. Vətəndaş yazılı şəkildə işəgötürənə icazə versin ki, həmin komisyon haqqı onun maaşından tutsun. Yuxarıda göstərdiyim misala qayıtsaq, bu halda banka hər ay sadəcə 4 manat əvəzinə 1 manat çatacaq.

Prinsipcə, eyni yanaşma təqaüd kartlarına da aiddir. Fərq ondan ibarətdir ki, məsələni işə götürənlə deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə həll etmək lazım olacaq. Məlum olduğu kimi, onlar təqaüd kartını verən bankı özləri seçir. Deməli, vətəndaşın acından ölməməsi üçün (bu, onların birbaşa vəzifəsidir!) onun pensiyasını/təqaüdünü başqa yolla da verə bilərlər.

Qeyd: Əgər sizi də, narahat edən hər hansı bir problem varsa, bizə müraciət edin.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7469