Rüşvətdə təqsirli bilinən bağça müdiri şikayətindən imtina etdi


15:14     11 Mart 2020 rusvet5.jpg

Bakı Apelyasiya Məhkəməsində rüşvət və dələduzluqda təqsirli bilinən bağça müdiri Şəfiqə Musazadənin barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Femida.az-ın xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda apellyasiya şikayətindən imtina edildiyi bildirilib.

İş üzrə icraata xitam verilib.

Qeyd edək ki, Ş.Musazadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyən təqsirləndirilən şəxs daha sonra bir neçə dövlət bağçasının direktoru olub.

Ötən il isə Ş.Musazadə özəl bağça açıb. O, bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, mühafizəçi kimi işə götürüb.

Lakin bağça aylarla fəaliyyət göstərsə də, cəmi 9 uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.

Buna görə də Ş.Musazadənin pul alaraq işə götürdüyü Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Ş.Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 546