“Buta Airways” əl yükünün daşınması qaydalarını dəyişdi


10:46     12 Mart 2020 2020/03/919ee9ea-4e9f-4df7-b7fc-1ea79eb1efed_1583995605.jpg


"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi "Buta Airways" şirkəti bu gündən əl yükünün daşınması qaydalarına dəyişiklik edib.


Femida.az bu barədə aviaşirkətə istinadən xəbər verir.

Yeni qaydalara əsasən hər sərnişin hava gəmisinin göyərtəsinə əlavə ödənişsiz əşya qismində üç ölçünün cəmi üzrə ölçüləri 75 santimetrdən (30x35x10sm) artıq olmamaq şərtilə, istənilən tipdə (idman çantası, bel çantası və s.) əl yükü götürə bilər. Əl yükünün çəkisi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb.

Əl yükünün yeni qaydalara uyğunluğunu yoxlamaq üçün bütün uçuş hava limanlarında “Buta Airways” aviaşirkətinin qeydiyyat masalarının yanında xüsusi “trafaret” – baqajın ölçülərini yoxlamaq üçün metal konstruksiya quraşdırılmışdır.

Qeyd edək ki, əvvəllər əlavə ödənişsiz əl yükü kimi yalnız qadın əl çantası və ya kişi portfeli qəbul olunurdu.

Aviaşirkətin qaydalarına əsasən, əlavə olaraq hava gəmisinin salonunda aşağıdakı əşyaların daşınmasına icazə verilir:

Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır).
Fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa.
Çətir, və həmçinin uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.
Qeydiyyat masasında 25 avro ödəməklə ölçüləri 110 santimetrə (55x35x20 sm) qədər olan əl yükünün hava gəmisinin salonuna götürülməsinə icazə verilir.
Çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə baqaja görə ödəniş 25 avro təşkil edir. Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında və rəsmi satış kassalarında ödəniş edildikdə bu məbləğ 20 avro təşkil edir.

Minimal "BÜDCƏ" tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur.

“STANDART” tarifi qeydiyyatdan keçən baqajın 10 kiloqramdan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 santimetrdən böyük olmaması şərtilə daşınmasına icazə verir. Əl yükü ödəniş müqabilində təklif edilir.

“SUPER” tarifi ilə əldə edilmiş aviabiletlərə baqajın (23 kiloqramadək) və əl yükünün (10 kiloqramadək) ödənişsiz daşınması artıq daxil edilmişdir.

Baqajın daşınması qaydalarının tam mətni ilə göstərilmiş keçid vasitəsilə https://www.butaairways.az/az/information/conditions-of-carriage#paragraph16

aviaşirkətin saytında tanış ola bilərsiniz.

“Buta Airways” rəsmi səhifələrindəki xəbərləri və yenilənən məlumatları aşağıda göstərilən sosial şəbəkələrdə izləmək mümkündür:

facebook.com/ButaAirways
instagram.com/ButaAirways
twitter.com/ButaAirways
vk.com/ButaAirwaysru
t.me/Buta_Airways

“Buta Airways” – Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərkibinə daxil olan struktur bölmədir. 2016-cı il dekabr ayında təsis edilmişdir. İlk reys 1 sentyabr 2017-ci il tarixdə həyata keçirilmişdir. Aviaşirkətin donanması “Embraer” tipli müasir hava gəmilərindən ibarətdir. Aviaşirkət Bakı şəhərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Femida.az

Açar sözlər: #Buta  

Oxunub: 534