Paytaxtdakı 2462 taksi dezinfeksiya olunub


13:29     14 Mart 2020 taksi9.jpg

Koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Femida.az-a bildirilib ki, bu çərçivədə gün ərzində 270 min nəfərədək sərnişinin istifadə etdiyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi növbəti dəfə dezinfeksiya olunub. Sərnişinlərin rahatlığı nəzərə alınaraq işlər gecə saatlarında aparılıb. Perronlar, gözləmə zalları, sərnişinlərin birbaşa təmasda olduğu qurğu və avadanlıqlar, eyni zamanda, park ərazisi, oturacaqlar dezinfeksiya edilib. Sərnişinlərin, sürücülərin və burada çalışan digər personalın əllərini tez-tez dezinfeksiya edə bilməsi üçün gözləmə zallarında xüsusi məhlullar da qoyulub.

Gecəboyu Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən bütün avtobuslarda da (ümumilikdə 2100 ədəd) dezinfeksiya tədbirləri həyata keçirilib. İstehsalat bazasında həyata keçirilən dezinfeksiya işləri ilə yanaşı, dərman preparatlarının təsiri nəzərə alınmaqla avtobuslar gün ərzində son dayanacaq məntəqələrində də təmizlənir.

Taksi ilə daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər (20 şirkət üzrə) tərəfindən 2462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb. Əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 533