Piyada keçidlərində hansı qurğulara ehtiyac var?


10:32     16 Mart 2020 2020/03/8320c8cb-201b-454f-965f-d7fcf44854e4_1584340396.jpg

Bakı şəhərində əksər yollarda işıqfor mövcud olsa da, bu cəhətdən kasadlıq yaşayan yollarımız da az deyil. Elə yollar var ki, orada yol və piyada təhlükəsizliyinin təmin edilməsi üçün zəruri qurğular yoxdur.


Yol kəsişmələrində, piyada keçidlərində piyada təhlükəsizliyinin, eyni zamanda gözdən əlillərin təhlükəsizliyinin təmin edilməsi baxımından hansı işlərə ehtiyac var?

Bu barədə Femida.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Bakı şəhərində bu sahədə uzun müddət boşluq olub:

“Hazırda Bakı Nəqliyyat Agentliyi (BNA) bu istiqamətdə işlər aparır. Bu işlər daha çox səkilərdə taktil piltələrin düzülməsi ilə özünü büruzə verir. Bildiyimə görə, bir sıra küçələrdə gözdən əlillər üçün də işıqforların quraşdırılması nəzərdə tutulub, lakin hələ tətbiq edilməyib. Xüsusi səsli işıqforlar var ki, bir müddət öncə BNA onların quraşdırılması istiqamətində təhlillər aparırdı. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin yaxınlığında bu cür işıqforların quraşdırılması planlaşdırılırdı. Bundan əlavə, Bakıda bəzi işıqforla nizamlanan yol kəsişmələrində əlavə piyada seksiyaları var. Məsələn, Nərimanov prospektində və Təhsil Nazirliyinin qarşısında bu cür piyada seksiyaları quraşdırılıb. Bir işıqfor piyadalar üçün, onun üstündəki işıqfor isə avtomobillər üçün yanır. Həmçinin nizamlanmayan piyada keçidlərinin bəzisində piyada təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə sarı döyünən işıqlar da quraşdırılıb. Bütün bunlar tətbiq edilsə də, sayları çox azdır. Bu istiqamətdə işlər aparılmalıdır. Paralel olaraq bu görülən işlər barədə maarifləndirmə və təbliğat işlərinin də aparılması lazımdır. Çünki tətbiq edilən yenilik insanlar tərəfindən dərhal qəbul olunmur və onlar bəzən bu yeniliklərə qarşı çıxırlar. Ona görə də insanlara həmin yeni tətbiqin hansı faydalarının olduğunu anlatmaq, mütərəqqi dövlətlər tərəfindən keçirildiyini bildirmək lazımdır”.

Açar sözlər: #Piyada   #Keçid  

Oxunub: 494