Miqrasiya Xidməti fəaliyyəti ilə bağlı məlumat yaydı


14:03     16 Mart 2020 miqrasiya1.jpg

Dövlət Miqrasiya Xidməti (DMX) fəaliyyəti ilə bağlı məlumat yayıb.


Femida.az-a daxil olan məlumatda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli tələbləri, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi əsasında 2020-ci il martın 15-dən 20-dək “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırıldığını və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qəbul şöbələrinin də “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərdiyini nəzərə alaraq aşağıdakıları əcnəbilərin və vətəndaşlarımızın diqqətinə çatdırılıb:

- 2020-ci il martın 15-dən 20-dək “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılmışdır. Lakin, 15-19 mart tarixlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə, iş icazəsi, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən əcnəbilər və vətəndaşlar “ASAN xidmət” mərkəzlərindən sənədlərini əldə edə bilərlər;

- 2020-ci il martın 20-28-i Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günləri olduğundan bu tarixlərdə sadalanan müraciətlər üzrə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən şəxslər yalnız zəruri hallarda, Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrinə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər;

- Əcnəbilərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvafiq yaşama, iş icazələrinin alınması, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam ilə bağlı müraciətlər, o cümlədən hazır sənədlərlə bağlı rüsumların ödənilməsi yalnız elektron qaydada (https://eservice.migration.gov.az) qəbul ediləcək (Əlavə olaraq, Xidmətin rəsmi internet səhifəsində elektron müraciətlərlə bağlı izahlı məlumatlar yerləşdiriləcək). Rüsum vaxtında ödənildikdən sonra hazır sənədin bir müddət götürülməməsi heç bir məsuliyyət yaratmır;

- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Xidmətin Təlim tədris mərkəzi tərəfindən təşkil olunan Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi ilə bağlı kurslar təxirə salınır (bu barədə əlavə məlumat veriləcək). Kurs ilə bağlı müvafiq metodiki vəsait əldə etmək istəyən əcnəbilər Təlim tədris mərkəzi ilə əlaqə saxlaya bilərlər (012) 566 - 37 - 74 telefon nömrəsi);

Əlavə məlumat üçün fasiləsiz (24/7) fəaliyyət göstərən 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.

Femida.az

Açar sözlər:

Oxunub: 385