AzTV-dən cavab: "Düşmən koronavirusdur!


10:12     17 Mart 2020 2020/03/aztv-(1)_1584425697.jpg

Azərbaycan Televiziyasının (AzTV) martın 14-ü yayımlanan xəbərlər buraxılışında xaricdən ölkəmizə gəlmək istəyən tələbələr haqqında “yük” ifadəsinin işlədilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Femida.az xəbər verir ki, kanal sözügedən sujetlə bağlı tənqidləri nəzərə alaraq açıqlama yayıb.

Bildirilib ki, material maarifləndirmə xarakterlidir və konteksdən çıxarılaraq yanlış anlamlara yozulur:

“Bütün dünyanı bürüyən koronavirus problemi fonunda xaricdəki bəzi soydaşlarımızın kiminsə məsuliyyətsiz paylaşımını və kontekstdən çıxararaq yerləşdirdiyi cümləni əsas götürərək AzTV-yə qarşı hücuma keçməsi əsla başa düşülən deyil. Özünü savadlı və xaricdə təhsil alan gənclər kimi təqdim edən həmin şəxslərin qaragüruh psixologiyası nümayiş etdirmələri insanı daha da narahat edir.

Əvvəla, bu gün AzTV efirinin 80%-ni vətəndaşların virusla bağlı maariflənməsi və xüsusən də xaricdəki soydaşlarımızın ölkəyə qayıtması üçün hara zəng etməsi üzərində qurub. Bunun üçün çoxsaylı materiallar, qrafikalar verilir, tok-şoular təşkil edilir. Konkret bu məsələyə gəlincə, süjetdə qeyd olunur ki, xaricdəki soydaşlarımız daha çox öz ölkələrində qalsalar və yerli tibbi xidmətlərdən yararlansalar, yaxşı olar. Çünki təcrübə də göstərir ki, virusa yoluxma halları xüsusən səfər prosesində baş verir. Bu fikri kontekstdən çıxarıb yük kimi təqdim etmək və AzTV-ni günahlandırmaq sadəcə olaraq savadsızlıq və məsuliyyətsizlikdir. Bu gün hər birimizin bir düşməni var. O da koronavirusdur. Başqa düşmən axtarmaq və ya hansısa qurumu nədəsə ittiham etmək və bu işə dəstək vermək, bir daha qeyd edirik ki, savadsızlıqdır. Kim məsələyə həqiqətən obyektiv və ədalətli yanaşmaq istəyirsə, xahiş edirik ki, materiala bir də baxsın".

Sözügedən süjetdən müzakirələrə səbəb olan hissəni təqdim edirik:

Açar sözlər: #AzTV  

Oxunub: 821