Dövlət idarəçiliyində səmərəlilik artırılır - SƏRƏNCAM
11:32 17 Mart 2020
Prezident İlham Əliyev dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, Sərəncama əsasən Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılacaq. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndiriləcək.
Sərəncama əsasən Prezident Administrasiyası beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, aşağıdakılar barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir: Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi; Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün səmərəli informasiya sisteminin iş qaydası.
Sərəncamda Nazirlər Kabinetinə dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil etmək və icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə Prezidentə ildə iki dəfə məlumat vermək tapşırılıb.
Sərəncamda deyilir ki, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində respublikada çoxşaxəli işlər görülməkdədir. Müasir dövrün çağırışlarından biri kimi, dövlət orqanları və qurumlarının fəaliyyətinin səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi sisteminin mərhələlərlə işlənməsi və tətbiqi dövlətimizin diqqət mərkəzindədir.
Bu baxımdan, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin müasir standartlara uyğun əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi üçün zəruri sistem hazırlanıb və qəbul edilib.
Aparılan sosial-iqtisadi islahatlar, regionların inkişafına dövlətin göstərdiyi qayğı və diqqət nəzərə alınaraq, regionlarda sosial-iqtisadi inkişafın tamamilə yeni mərhələyə qədəm qoyması məqsədilə digər əməli tədbirlərlə yanaşı, səmərəliliyin qiymətləndirilməsi sisteminin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə də şamil olunması imkanları təhlil edilməli və ən qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə başlanılmalıdır.
Eyni zamanda, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, bu sahədə daha əhatəli və çevik mexanizmlər yaradılmasına ehtiyac var.
Femida.az
Oxunub: 474
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib