Azərbaycanda Novruz bayramıdır


08:00     20 Mart 2020 20_03_20_1584681511.jpg


Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.

Femida.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, yazın Azərbaycana gəlişi martın 20-də saat 07:49:36-a təsadüf edəcək və bu zaman gecə-gündüz bərabərliyi qeydə alınacaq. Buna görə də martın 20-si bayram günü hesab olunur.

Novruzun qeyd edilməsi yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Novruz bayramının tarixi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən — su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Novruz bayramının özünəməxsus adət-ənənələri var: qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək və digərlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz bayramı ilə əlaqədar 20-29 mart tarixləri ölkədə qeyri-iş günüdür.

Femida.az

Açar sözlər: #novruzbayramı  

Oxunub: 201