“Uğurlu idarəçi ətrafındakılardan daha məlumatlı olmalıdır” - Anar Bağırov


14:24     25 Mart 2020 2018/07/anar-bagirovqq_1531983330.jpg

“Yüksəliş” həm də dövlətinə təmənnasız sevgi göstərən idarəçiləri müəyyən edəcək”

Azərbaycanda bacarıqlı idarəedici kadrların müəyyən edilməsi və ehtiyat kadr bazasının yaradılmasının təminatına yönəlmiş “Yüksəliş” müsabiqəsi yüksək idarəçilik qabiliyyətinə malik iştirakçıların seçimi mərhələsindədir. Bu seçimlərdə ölkənin müxtəlif sahələrinin nüfuzlu mütəxəssisləri də yaxından iştirak edir.

Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) toplanıb. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da peşəkar heyətin üzvlərindən biridir. Sədr uğurlu idarəçiliyin əsas keyfiyyətləri, peşə bacarıqlarıın təkmilləşdirilməsi ilə bağlı sualları cavablandırıb.

- Uğurlu idarəçiliyin əsas xüsusiyyətləri hansılardır?

- Əziz gənclərə səslənirəm. Uğurlu idarəçi olmağınızı müəyyən etmək üçün özünüzə bu sualı verməlisiniz: “Görəsən, mən özümü daxilən idarəçi hiss edirəmmi?!” Əgər bu suala refleksiv olaraq veriləcək cavabınız “hə”dirsə, o zaman keçəyin növbəti mərhələyə. Əziz dostlar, uğurlu və effektiv idarəçi olmağın yolu 2 əsas keyfiyyət toplusundan keçir.

Birinciyə idarəçinin bilavasitə şəxsiyyəti ilə bağlı olan keyfiyyətlər daxildir. İkinciyə isə sonradan qazanılan keyfiyyətlər aiddir. Unutmayın, birinci, yəni ilkin keyfiyyətlərin olmaması sonradan qazanılan keyfiyyətləri istisna edir.

Beləliklə, idarəçinin şəxsiyyəti ilə bağlı ən əsas keyfiyyətlər ilk əvvəl onun təvazökar, dürüst, yəni heç bir halda hiyləyə əl atmayan, daha sonra, fikirlərində səmimi və bu səmimiyyəti publikaya transfer edə bilən, qorxmaz, əmin olduğu məqamlarda qərar qəbul etməkdə qətiyyətli və ətrafındakılara güvənə bilən insan olmasıdır. Xalq dili ilə desək, sözü ilə əməli üst-üstə düşməlidir.

İkinci, yəni sonradan təcrübə ilə qazanılan keyfiyyətlərə isə əməkdaşlarını motivasiya etmək, mükəmməl kommunikasiya, rəvan ünsiyyət qurmaq, şəxsi nümunə, ideyalarını bölüşə bilmək və kritik fikirləri qəbul etmək, istənilən ağır işin altına öz çiynini qoya bilmək bacarıqları daxildir. Sadə dildə desək, sinəsini qabağa verib işdən qorxmamaq, kiçiklə kiçik, böyüklə böyük olmağı bacarmaqdır.

- İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz (kitablar və ya vərdişlər)?

- Zaman durmadan irəli gedir və idarəçi titulunu qazanmaq nə qədər çətin olsa da, onu qoruyub lazımi keyfiyyətdə saxlamaq, şübhəsiz, daha çətindir. Bununla belə, bunu təmin etmək müəyyən üsullarla mümkündür.

Birincisi, peşəkar idarəçi işlədiyi sahədə ətrafındakılardan və o sahədə ixtisaslaşmış şəxslərdən hər zaman daha məlumatlı olmağa çalışmalıdır. Unutmamalıyıq ki, informasiya çağında ən güclü insan məlumatlı insandır. Yalnız məlumatlı olmaq sizi digərlərindən daha güclü və idarəçi kimi işinizin keyfiyyətinə müsbət təsir göstərə bilər.

İkincisi, idarəçi ayıq-sayıqlığını əldən verməməklə özünün müşahidə bacarıqlarını daimi inkişaf etdirməkdə maraqlı olmalıdır. Bu xüsusiyyət idarəçinin öz işçilərinin fəaliyyətinin izlənilməsindən daha çox, bənzər sahələrdə çalışan rəhbər işçilərin buraxdıqları səhvləri müşahidə etmək və düzgün nəticələr çıxarmaqdan ibarətdir.

Ümumiyyətlə isə ən əsas tövsiyə özünətənqid xüsusiyyətinin formalaşdırılmasıdır. Kritika olan yerdə səhvlərdən arınma, səhvlərdən arınma olan yerdə isə inkişaf labüddür.

- Yüksəliş müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

Dostlar, bütün deyilənlərlə bərabər, yuxarıda dediklərimin fövqündə daha böyük və mühüm keyfiyyətlər durur ki, o da sizin vətənə, xalqa və dövlətimizə dönməz və təmənnasız sevginiz, ümumən cəmiyyətin hər bir üzvünə sayğı və qayğıkeşliyinizdir. “Yüksəliş” layihəsinin ən ümdə qayələrindən biri də məhz bu cür gənclərimizin müəyyən edilməsidir.

Hər birinizə uğurlar arzu edirəm!

Femida.az

Açar sözlər:

Oxunub: 1673