Valideynlərdən birinin razılığı olmadan uşaq xaricə gedə bilərmi? CAVAB


20:25     01 Dekabr 2015 photo_29574.jpg



Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.Növbəti araşdırdığımız mövzu uşaqların ölkədən xaricə aparılması və burada valideyinlərin icazəsi məsələsidir.

Mövzu ilə bağlı suallarımızı vəkillər kollegiyasının üzvü Asif Abdullayev cavablandırdı.

Valideynlərdən birinin razılığı olmadıqda, uşağın xarici ölkəyə aparılması barədə məhudiyyət necə aradan qaldırıla bilər? Sadəcə istirahət üçün uşağın xaricə aparılmasına məhkəmə icazə verə bilərmi?



Vəkil Asif Abdullayev: “Qeyd edilən problem adətən boşanmış şəxslər arasında yaranır. Ana uşağı xaricə aparmaq istəyir, ata isə buna razı olmur. Nəticədə isə uşaq ya səyahətindən qalır, ya idman yarışından və yaxud da, uşağın maraqlarına yönəlmiş digər tədbirlərdən qalır.

Valideynlərdən biri, uşağın digər valideynlə xaricə getməsinə notarial qaydada təsdiqlənmiş razılıq vermədikdə, bu məsələ məhkəmə qaydasında öz həllini tapa bilər.
Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaq ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Belə razılıq olmadığı halda, uşağın xaricə getməsi məsələsi məhkəmənin qərarı əsasında həll olunur.

Məhkəməyə müraciət edərək, məhkəmədən uşağın xaricə aparılmasına razılığın verilməsini tələb edən valideyn bilməlidir ki, uşağın xaricə aparılmasını zəruri edən hallar əsaslandırılmalıdır. Uşağın xaricdə hansısa idman yarışında iştirak etməsi, müalicəyə getməsi və sair səbəblər olduğu halda, məhkəmə valideynlərdən birinin razılığı olmadığı halda da, uşağın xaricə aparılmasına icazə verə bilər.
Əksər insanları maraqlandıran suallardan biri də odur ki, uşağın xaricə aparılmasının səbəbi kimi, sadəcə istirahət məqsədi ola bilərmi? Bəli, hesab edirəm ki, qanunvericilik buna yol verir. Xarici ölkəyə səyahət edərkən, uşağ ən azından inkişaf edir, əylənir, yeni ölkələr barədə əyani məlumatlar alır. Bunlar uşağa müsbət təsir edən faktorlardır. İstər Ailə məcəlləsi, istər Uşaq Hüquqları haqqında qanun, istərsə də, Uşaq Hüquqları haqqında beynəlxalq konvensiya tələb edir ki, bütün addımlar uşağın mənafeyi naminə atılmalıdır, uşağın inkişafına yönəlməlidir. Beynəlxalq konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

Təbii ki, məhkəmələr bu mübahisələrə baxarkən, digər valideynin mənafeyini də nəzərə alır. Bu baxımdan da, məhkəmə hər iki tərəfin mülahizəsini və işin hallarını nəzərə alaraq yekun qərar qəbul edir.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 11393


Oxşar xəbərlər