“Ərimi də söyüş üstündə öldürüblər” - Öldürülənin anası


20:55     01 Dekabr 2015 4cb141bee67c3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Xəyal Şabanzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.



Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başlaması ilə bağlı qərar qəbul edilib. Prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib.
X.Şabanzadə məhkəmədə sərbəst ifadə verib. O, ifadəsində Əyyar Ağayevi öldürmək niyyətinin olmadığını qeyd edib:
“Lənkərandan 15-20 gün olar gəlmişdim. Binədə daş karxanasında işləyirdim. Çörək puluna gəlmişdim. Binədə uşaqlarla tanışlıq yaranmışdı. Axşamlar çayxanada otururduq. Hadisə olan gün uşaqlarla oturmuşduq. Nərddən-dominodan oynayırdıq. Əyyar orda idi. Uşaqlar məni restorana çörək yeməyə dəvət etdilər. Durduq getdik. Qayıdanda Əyyar zəng elədi. Ağzına gələn söyüşləri söyməyə başladı. Səbəbini soruşdum, dedi, sən kişi fahişəsisən, uşaqları yemək yeməyə aparmısan, məni yox. Ona ilk öncə izah etdim ki, mən heç kimi aparmamışam, məni aparıblar. Sonra isə mənimlə bu cür söyüşlə danışmamasını dedim. Telefonu söndürdü. Sözüm ağzımda qaldı. Bir müddət sonra yenidən zəng elədi, yenə ünvanıma təhqiredici sözlər dedi. Ona dedim ki, ağzının danışığını bilsin, məni kimləsə səhv salmasın. Soruşdu, hardasan?! Dedim kanalın üstündəki çayxanadayam. Həmin yerə gəldi. Uşaqlara da əvvəlcədən demişdim ki, əgər üzr istəməsə, onu vuracağam. Birinci insan kimi söhbətimiz oldu. Məndən üzr istəməsini tələb etdim. O isə mənə “mənə üzr istədəcək oğlan anasının qarnından çıxmayıb” dedi. Özümdən çıxdım. İçkinin də bir qədər təsiri vardı. Bıçağı cibimdən çıxarıb, qoluna vurmaq istəyirdim. Bu zaman bıçaq onun ürəyinə girdi. Əlim ayağım qurudu. Öldürmək niyyətim yox idi. Uşaqlar Əyyarı xəstəxanaya apardı. Oradan çıxıb birbaşa Lənkərana gəldim. Ailəmlə görüşdüm. Polislər telefonuma zəng elədi. Dedilər ki, Lənkərandayıq. Gəldim özüm təslim oldum”.

Təqsirləndirilən şəxs hakim və prokurorun suallarını cavablandırıb. Suallara cavab olaraq bildirib ki, bıçağı Lənkəranda bazardan alıb: “Hər yerdə satılır. Almışam. Gecələr işdən piyada gəlirdim deyə bıçağı üstümdə gəzdirirdim. Binənin gecəsi pis olur. Küçə itləri çoxdur. Özümü qorumaq üçün cibimdə gəzdirirdim”.

Vəkilin suallarını cavablandıran Xəyal Şabanzadə öldürdüyü Əyyar Ağayevi hadisədən 15 gün qabaq tanıdığını deyib: “Uşaqlarla oturmuşdum. Əyyar gəldi, dedilər, yerlisiniz. Elə münasibətimiz yarandı. Amma aramızda söyüşlə zarafat olmamışdı. Həmin gün özünü yaxın hiss elədi, bilmirəm, niyə mənə fahişə dedi?! Bu da xoşa gəlinəs şey deyil”.

Təqsirləndirilən şəxsdən sonra ölən şəxsin hüquqi nümayəndəsi, mərhumun anası Töhfə Qasımova ifadə verib. O, ifadəsində oğlunun tərbiyəli uşaq olduğunu, indiyə qədər ondan bir dəfə də olsun şikayət gəlmədiyini bildirib: “İki övladım vardı. Qızım və Əyyar. Əyyarı da bu şəxs əlimdən aldı. Mən onları yetimçiliklə böyütmüşəm. Ərim Əyyarın 3 yaşı olanda bıçaqla öldürülüb. Oğlum da onun taleyini yaşadı. Ərimi Lənkəranda yaxın qohumu söyüş üstündə öldürdü. Söyüşə görə adam öldürərlər? Allah canı bizə verib, bunlar niyə alır? Savadsızam, təhsilim yoxdur. Anayam. Oğlumun qanını tələb edirəm. Qanı qanla yuyarlar. Bunu ölüm cəzası verilməsini istəyirəm. Oğlum da oxumayıb. Fəhləliklə məşğul idi. Usta yanında işləyirdi. Subay idi. İstədiyi qız vardı. Məni onu çətinliklə böyütmüşdüm. İndi köməyimə çatırdı, bu cani imkan vermədi. Ən ağır cəzanın verilməsini istəyirəm”.

Proses dekabrın 8-də davam edəcək.

Qeyd edək ki, bu il iyulun 26-da Xəzər rayonu Binə qəsəbəsi Südçülük massivində gecə saatlarında 1991-ci ildə Lerikdə anadan olmuş Ağayev Əyyar Qubad oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylıı şəhər xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağayevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş şəxsin Əyyar Ağayevin dostu Xəyal Şabanzadə olması müəyyən edilib. O, saxlanaraq istintaqa təhvil verilib.
Xəyal Şabanzadə Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə), 228-ci ( soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib.

Açar sözlər:

Oxunub: 1669


Oxşar xəbərlər