Tariximizin İrəvan səhifələri - MÜSAHİBƏ


19:27     11 Noyabr 2016 nazim%20mustafa.png

Tarixçi-alim Nazim Mustafa Femida.az-ın suallarını cavablandırıb.


Müsahibəni oxuculara təqdim edirik:

- Nazim müəllim İrəvan şəhərinin tarixini tədqiq eləyən alimlərdən birisiniz. Sizcə “İrəvan” toponiminin yaranması hansı hadisə ilə bağlıdır?

İrəvan sözünün mənşəyi ilə bağlı müxtəlif versiyalar mövcuddur.

Məşhur türk səyyahı Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi, XV əsrin əvvəllərinə aid edir. Onun yazdığına görə, Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir çox münbit Rəvan torpağına qədəm qoymuş, öz ailə üzvləri ilə burada sakin olmuş və düyü əkini hesabına gündən-günə varlanaraq bu böyük kəndin əsasını qoymuşdur.

Başqa bir versiyaya görə, İrəvan şəhəri Şah İsmayıl Xətainin tapşırığı ilə salınıb. Belə ki, Şah İsmayıl Xətai öz sərkərdəsi Rəvanqulu xana tapşırır ki, Zəngi çayının sahilində qala tikdirsin. Nəticədə Rəvanqulu xan 1510-1517-ci illərdə müdafiə xarakterli böyük bir qala tikdirir. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə “Rəvan” qalası kimi tanınmış, sonralar “Rəvan” sözü dialektdə “İrəvan” kimi işlədilib.

Mən isə hesab edirəm ki, qala tikilənədək onun ətrafında kiçik də olsa, şəhər infrastrukturu formalaşmışdı.

1893-cü ildə çap edilən “Jivopisnaya Rossiya” kitabında İrəvan toponiminin başqa bir versiyasının bəhs edilir. Şəhərin müsəlman sakinləri müəllifə məlumat vermişlər ki, şəhər öz adını “Adr-rəvan” sözündən - yəni Zəngi çayının şəhər ərazisindən rəvan axmasından götürüb. Məlumdur ki, İrəvan şəhərinin yerləşdiyi ərazi orta əsr mənbələrinə Çuxur-Səd adlanıb. Ağrı dağı ilə Ələyəz dağlarının arasında qalan düzənlik ərazi həm də el arasında rəvan ərazi adlanmışdır. Mənim qənaətimcə, İrəvan şəhərinin adı da məhz onun yerləşdiyi ərazinin relyefi, coğrafi mövqeyi, yəni rəvan ərazidə yerləşməsi ilə bağlıdır.

- İrəvan toponiminin ermənilərlə hansısa bağlılığı varmı?

Erməni müəlliflərinin üzərində ən çox durduqları əfsanə ondan ibarət idi ki, guya Nuh peyğəmbərin dövründə yer üzünü su basarkən onun gəmisi Ararat (Ağrı) dağının zirvəsinə yan alıb və suyun çəkilməsindən sonra Nuh peyğəmbərin quru sahə kimi gördüyü və ilk söylədiyi ifadə “yereval” - yəni ermənicə “göründü” olub. Həmin ilk görünən yer isə guya indiki İrəvan şəhərinin arxasındakı dağlar imiş, “Yerevan” toponimi də guya “yereval” sözündən əmələ gəlib. Erməni yazıçısı Xaçatur Abovyan “İrəvan şəhərinin qısa tarixi oçerki” adlı məqaləsində bunu tamamilə uydurma adlandırmışdır.

Erməni din xadimləri “Yerevan” adının ilk dəfə VII əsrdə çəkildiyini, guya Dvin şəhərində keçirilən dini mərasimdə “Yerevan”dan iki nümayəndənin iştirak etdiyini yazırlar.

Xaçatur Abovyan bunu təkzib edərək yazır ki, erməni müəllifləri XIII əsrin əvvəllərinədək “Yerevan”ın adını belə çəkmirlər, bu şəhər 1441-ci ildən sonra, yəni Qaraqoyunluların hakimiyyəti dövründə məşhurlaşmışdır.

Erməni arxeoloqları 1950-ci ildə İrəvan ətrafındakı “Qanlı təpə” adlanan ərazidə apardıqları qazıntılar zamanı Urartu çarı I Argiştinin dövründə salınmış Erebuni qalasının qalıqlarının tapıldığını bəyan etdilər. Bundan sonra İrəvan şəhərinin tarixini bununla bağladılar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişdi və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmayıb. Əslində, urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan bir əlaqəsi olmayıb. Qədim İrəvan şəhəri ilə Erebunu qalası arasında xeyli məsafə, əkin sahələri olub.

Ermənilər indi də İrəvan şəhərinin tarixini Erebuni qalasının əsasının qoyulduğu vaxtdan götürürlər. ”Erebuni” adı ilə 1968-ci ildə İrəvan şəhərinin 2750 illik yubileyini keçirdilər. Bununla da dünyaya sübut etməyə çalışdılar ki, guya ki Yerevan (İrəvan) şəhərinin tarixi Roma şəhərindən 30 il daha qədimə dayanır. Ermənilər əvvəllər iddia edirlər ki, Urartu da erməni çarlığı olub. Lakin sonradan da bəlli oldu ki, nə Urartunun, nə də “Erebuni”nin ermənilərlə heç bir əlaqəsi olmayıb. Qəti qənaət ondan ibarətdir ki, bu ərazinin tarixən ermənilərlə heç bir bağlılığı yoxdur və ermənilər bu əraziyə sonradan gəlmə etnosdur.



- Ermənilər tarixi Azərbaycan torpağı olan İrəvana haradan və nə vaxt gəlmişlər?

İlk mənbələr təsdiq edir ki, ermənilər bu əraziyə ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra missionerlər kimi gəliblər. Onlar Ərəb xilafəti dövründə islam dinini qəbul edən türkdilli tayfaların tərk etdikləri dini məbədlərə sahib çıxmış, həmin məbədləri kilsəyə çevirmiş, elə oradaca saxta tarixi əsərlər yazıblar. 1441-ci ildə erməni katolikosluğunun Kilikiyadan Üçmüədzinə köçürülməsindən sonra onun ətrafında tədricən ermənilər məskunlaşıb. Ermənilərin İrəvana kütləvi surətdə köçürülməsi isə XIX əsrin əvvəllərinə təsadüf edir. 1827-ci il oktyabrın 1-də İrəvan xanlığı ruslar tərəfindən işğal edildi. 1828-ci il martın 10-da İran və Rusiya arasında imzalanan Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən ermənilər İran ərazisindən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürülməli idi. Nəticədə bu ərazilərə 40 mindən artıq erməni köçürüldü. 1829-cu ildə Rusiya ilə Osmanlı dövləti arasında imzalanan Ədirnə müqaviləsinə əsasən isə Cənubi Qafqaza, o cümlədən İrəvan xanlığına və qonşu ərazilərə Türkiyədən 94 mindən çox erməni köçürüldü. XIX əsrin ortalarında ilk dəfə ermənilər İrəvan xanlığı ərazisində azərbaycanlılara nisbətdə say üstünlüyünə yiyələndilər.




- İrəvanda elm, təhsil və ədəbi mühitin formalaşmasında azərbaycanlı ziyalıların rolu haqqında nə deyə bilərsiniz?

Ticarət yollarının üzərində yerləşən və şəhər kimi orta əsrlərdə formalaşan, yalnız Azərbaycan türklərinin yaşadığı bu qala-şəhər, eyni zamanda, Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. Firidun bəy Köçərli İrəvan şəhərini “mərkəzi-üləma, füzəla və şüəra” şəhəri – yəni üləmalar, fazillər və şairlər şəhəri adlandırmışdır. Cənubi Qafqazda bir çox tanınmış alimlər, din xadimləri bu şəhərin sakinləri olublar. İvan Şopenin əsərlərindən məlum olur ki, şəhər əhalisi o qədər dindar olub ki, ölülərinin sümüklərini aparıb islamın müqəddəs şəhərləri olan Məkkədə, Mədinədə, Kərbəlada dəfn edirdilər. Şəhərin tanınmış ziyalısı Fazil İrəvani uzun müddət Qafqazın şeyxülislamı olub. İrəvanda ilk təhsil müəssisəsi olan ibtidai məktəb 1832-ci ildə açılıb. Sonradan İrəvanda Gimnaziya və İrəvan Müəllimlər Seminariyası da açılıb. Bu təhsil müəssisələrini bitirənlər Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə böyük töhfələr veriblər. Bu sahədə Mirzə Qədim İrəvaninin adı xüsusilə qeyd edilməlidir. O, rəssam və nəqqaş kimi, Azərbaycan təsviri sənətinin nadir incilərini yaradıb, 1850-ci illərdə İrəvan xan sarayının təmir-bərpa işlərini həyata keçirib. Onun yağlı boya ilə çəkdiyi portretlərin bir qismi hazırda Gürcüstan İncəsənət Muzeyində saxlanılır. Respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri Mustafa bəy Topşubaşov həm də ictimai və elm xadimi kimi məşhurdur. İrəvan gimnaziyasının digər məzunu Əziz Əliyev Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı olmaqla yanaşı, Mərkəzi Komitənin katiblərindən biri, Nazirlər Soveti sədrinin birinci müavini, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi yüksək vəzifələrdə işləyib. Görkəmli Azərbaycan sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru Heydər Hüseynovun adı xüsusilə qeyd edilməlidir. İrəvandan çıxmış ziyalılardan bir çoxu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak ediblər. İrəvanın məşhur ziyalılarından Haşım bəy Nərimanbəyovun oğlu Nəriman bəy Nərimanbəyovun Xalq Cümhuriyyətinin fəaliyyətində böyük rolu olub. İrəvan gimnaziyasının məzunu Əkbər ağa Şeyxülislamov 1919-cu ildə Paris sülh konfransında iştirak etmək üçün Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Fransaya gedən nümayəndə heyətinin üzvlərindən biri olmuşdur. İrəvanda doğulan tanınmış ziyalılardan Abbas Məmmədzadənin, Cabbar Əsgərzadənin, Mirabbas Mirbağırovun, Teymur xan Makinskinin, Rəşid bəy İsmayılovun, Maqsud Məmmədovun, Əhməd Cəmilin, Səid Rüstəmovun, Əfşan Qədimbəyovanın da adlarını qeyd etmək olar. 1914-cü ildə nəşr edilən “Lək-lək” jurnalı İrəvanda ilk mətbu orqanı olub. Bu jurnal “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələrini davam etdirmişdir. 1917-ci ildə nəşr edilən “Bürhani-həqiqət” məcmuəsi öz qarşısına əhalini maarifləndirmək vəzifəsini qoymuşdu. Bütövlükdə, İrəvan şəhərindən çıxmış ziyalılar Azərbaycanın elminə mədəniyyətinə böyük töhfələr veriblər.

- İrəvan şəhəri tarixən hansı dövlətlərin idarəçiliyində olub?

İrəvan şəhərinin yerləşdiyi ərazi uzun müddət Manna və Midiya dövlətlərinin tərkibində olub. Sonradan müxtəlif dövrlərdə Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqlar, Eldənizlər, Elxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, çar Rusiyası dövlətlərinin tərkibinə daxil edilib. Yalnız 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. İrəvan ən çox Səfəvilərin hakimiyyəti altında olub. Səvəfi - Osmanlı müharibələri zamanı bu şəhər 14 dəfə əldən-ələ keçmişdir. Rusiya işğalına qədər, yəni 1827-ci il oktyabrın 1-dək İrəvan Qacarların hakimiyyəti altında olub. Rus işğalından sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti” yaradılmışdır. 1850-ci ildə İrəvan quberniyası yaradılmışdır. 1918-ci ildə isə Ermənistan dövlətinnin paytaxtına çevrilmişdir



- Bilindiyi kimi Milli Şuranın 29 may 1918-ci il iclasının yekun protokoluna əsasən İrəvan Ermənistana verildi. Azərbaycan Xalq Cümhuriyyəti belə bir qərar qəbul etməsi məcburiyyətdən yaranmışdı, yoxsa siyasi bir səhv idi?

1917-ci il inqilabı nəticəsində Çar Rusiyası dağıldıqdan sonra Cənubi Qafqazı idarə etmək üçün əvvəlcə Zaqafqaziya Komissarlığı , sonra isə Zaqafqaziya Seymi yaradıldı. Seymin tərkibində Azərbaycan, Ermənistan və Gürcüstan Milli Şuraları birləşmişdi. Bir müddətdən sonra Seymin dağılma mərhələsi gəlib çatdı. Belə bir zərurət ortaya çıxdı ki, Seym dağıldıqdan sonra Cənubi Qafqazda üç müstəqil dövlət yaransın. Əsas müzakirə olunan məsələ isə mübahisəli ərazilərin hansı dövlətlərə verilməsi ilə bağlı idi. Həmin vaxt Cənubi Qafqazda 5 quberniya var idi. İlkin razılıq belə idi ki, iki quberniya Azərbaycana, iki quberniya Gürcüstana, bir quberniya isə Ermənistana verilsin. 1918-ci il mayın 26-da Gürcüstan müstəqilliyini elan etdi. Mayın 28-də Azərbaycan da müstəqilliyini bəyan etdi. Ermənistan da müstəqilliyini elan etdi, ancaq paytaxtın hansı şəhər olması ilə bağlı ciddi müzakirələr gedirdi. 1918-ci ilin mayın 29-da Milli Şuranın Tiflisdə keçirilən iclasında bu məsələ müzakirə edildi. Milli Şuranın 44 üzvündən 26-sı iclasda iştirak etdi. 18 nəfər İrəvanın Ermənistana paytaxt kimi verilməsinin lehinə səs verdi. 3 nəfər bitərəf qaldı, bir nəfər isə qərarın əleyhinə səs verdi. İclasda Baş nazir Fətəli xan Xoyski öz çıxışında qeyd edir ki, Azərbaycanın İrəvan şəhərini Ermənistana paytaxt kimi güzəştə getməkdən başqa seçim variantı yoxdur. Yəni, bu addım zərurətdən atılmışdı.

Lakin düşünürəm ki, İrəvanın Ermənistana verilərkən plebisist, yaxud referendum keçirilməli idi. Plebisist keçirilməsə belə, şəhərin ermənilərə verilməsi ilə bağlı rəsmi sənədləşmə aparılmalı idi. Halbuki İrəvanın Ermənistana paytaxt kimi güzəştə gedilməsi şifahi razılaşma əsasında baş tutmuşdu. Şəhərin güzəştə gedilməsinin qarşılığında Azərbaycan Milli Şurası Ermənistan hökumətindən tələb etmişdi ki, onların Dağlıq Qarabağa qarşı ərazi iddiası olmayacaq. Lakin az müddətdən sonra ermənilər Dağlıq Qarabağa qarşı iddia qaldırmağa başladılar. Andranikin qoşunu əvvəlcə Zəngəzuru ələ keçirdi, sonra isə Qarabağı ələ keçirmək üçün hücuma başladı. Azərbaycan bu razılaşmanı gündəmə gətirdi. Ermənistan tərəfi yenə riyakarlıq edərək belə bir rəsmi sənədin olmadığını Azərbaycan hökumətinə bildirdi.
Məhz yazılı sənədləşmənin aparılmaması düşünürəm ki, Milli Şuranın yol verdiyi ən böyük səhv idi.



- Erməni tapdağı altında olan tarixi Azərbaycan torpaqları ilə bağlı Tarix İnstitutunda yetərli araşdırmalar aparılırmı?

Tarixi Azərbaycan torpaqları ilə bağlı Milli Elmlər Akademiyasının Tarix İnstitutunda xeyli işlər görülür. Azərbaycan tarixinin yenidən yazılmasını hələ ümummilli lider Heydər Əliyev Azərbaycan tarixçilərinin qarşısında əsas vəzifə kimi qoymuşdu. Ümummilli lider 1997-ci ildə Xalq Cümhuriyyətinin yaranmasının il dönümü ilə əlaqədar çıxışı zamanı qeyd etmişdi ki, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. 2004-cü ildən etibarən institutun direktoru Yaqub Mahmudovun rəhbərliyi ilə erməni işğalı altında olan tarixi Azərbaycan torpaqları ilə bağlı araşdırmalar daha da genişləndirildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının tarixindən bəhs edən monoqrafiyalar yazıldı. Ermənilərin 1918-1920-ci illərdə İrəvan quberniyasında, Qarabağda, Zəngəzurda, Bakıda, Qubada, Şamaxıda, Cənubi Azərbaycanda, Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar barədə monoqrafiyalar çap edildi. Hazırda dünyanın müxtəlif ölkələrinin arxivlərdən Azərbaycanla bağlı sənədlərin surətləri gətirilərək gələcək tədqiqatlar üçün zəmin hazırlanır.



- Erməni yalanları ilə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün əməli tədbirlər görülürmü?

Düşünürəm ki, erməni yalanları ilə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırmasında silsilə tədbirlər həyata keçirilir. Bu il Prezident Kitabxanasında “Erməni vandalizmi: Əsirlikdə olan Azərbaycan abidələri” adlı Azərbaycan və ingilis dillərində böyük bir elektron nəşr hazırladıq. Bu nəşr indiki Ermənistan ərazisində və işğal altında olan torpaqlarda ermənilərin Azərbaycan tarixi memarlıq abidələrinə qarşı törətdiyi vandalizmin miqyasını həm mətnlər, həm də fotosessiya şəklində dünya ictimaiyyətinin diqqətinə çatdırır. Uydurma erməni soyqırımının ildönümünün qeyd edildiyi ərəfədə isə “Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” adlı Azərbaycan və rus dillərində yeni bir elektron nəşr hazırlayaraq oxucuların istifadəsinə verdik. Bu nəşrdə ermənilərin bütün dünyada törətdikləri soyqırımlar, kütləvi qırğınlar və terror aktları öz əksin tapıb. Prezidentimiz Cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, İrəvan da, Zəngəzur da, Göyçə də bizim tarixi torpaqlarımızdır, biz o torpaqlara qayıdacağıq və hər bir azərbaycanlı bu işdə öz köməyini əsirgəməməlidir. Əfsuslar olsun ki, ermənilər yüz illərdir ki, öz yalanlarına dünya ictimaiyyətini müəyyən qədər inandırıblar. Bizim vəzifəmiz isə erməni yalanlarını ifşa etməklə yanaşı, öz tarixi həqiqətlərimizi dünya ictimaiyyətinə inandırmaqdan ibarətdir. Düşünürəm ki, ölkə ictimaiyyəti bu sahədə fəaliyyətini daha da fəallaşdırmalıdır.



-İrəvan tarixini araşdırmağı bir vətəndaşlıq borcu kimi görürsünüzmü?

Hesab edirəm ki, hər kəs bacardığı qədər çalışıb düşmən tapdağı altında olan tarixi Azərbaycan torpaqları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırılmasında müəyyən işlər görməlidir. Ermənilər Azərbaycana qarşı ərazi iddiası qaldırdıqdan sonra mən bütün ömrümü tarixi Azərbaycan torpaqları ilə bağlı araşdırmalara həsr etmişəm. Düşünürəm ki, gənclərimiz xüsusilə fəal olmalıdırlar. Onlar əvvəlcə tədqiqatçıların yazdığı əsərləri dərindən öyrənməli və sonra isə erməni yalanlarına qarşı həm müxtəlif forumlarda, həm də sosial şəbəkələrdə öz mövqelərini ortaya qoymalıdırlar. Bu, özünü dərk edən hər bir Azərbaycan vətəndaşının borcudur.

-Dəyərli vaxtınız bizimlə bölüşdüyünüz üçün Femida.az saytı adından sizə təşəkkürümüzü bildiririk.

Təşəkkür edirəm.

Ceyhun Əhmədli
Video: Nuron Məmmədov
Femida.az

Açar sözlər:

Oxunub: 12100


Oxşar xəbərlər