4 milyard dollar hərraclarda satışa çıxarılacaq - RƏSMİ


13:14     06 Aprel 2020 saxta%20dollar.jpg

Cari ilin yanvar-mart ayları üzrə neft və qazın satışı ilə bağlı ARDNF-yə ümumilikdə 2219 mln. ABŞ dolları, o cümlədən mənfəət nefti və qazının satışından 1763 mln. ABŞ dolları həcmində vəsait daxil olub və neftin xalis orta qiyməti 59 ABŞ dolları təşkil edib.

Dövlət Neft Fondundan Femida.az-a verilən məlumata görə, həmin dövr üzrə ARDNF-nin xərcləri 2763 mln. ABŞ dolları ( 4697 mln. manat) təşkil edib.

"Xərclərin cari ilin birinci rübündə çox olması həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər. Lakin qeyd etmək istərdik ki, ARDNF-nin 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır və bu çərçivədə də təxminən 4 milyard ABŞ dolları həcmində vəsaitin hərraclar vasitəsilə satışa çıxarılacağı gözlənilir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ARDNF-nin 2020-ci il üzrə büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barel üzrə qiyməti 55 ABŞ dolları səviyyəsində götürülüb və buna uyğun olaraq ARDNF-nin gəlirləri 12 384,1 mln. manat (7 284,8 mln. ABŞ dolları) və xərcləri 11 589,9 mln. manat (6 817,6 mln. ABŞ dolları) səviyyəsində proqnozlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 355