“Rusiyanı sevmirəm, Türkiyə qardaşımızdır”- Aqil Abbas


16:32     02 Dekabr 2015 2015-12-02-10-14-06aqilabbas6.jpg


Millət vəkili Aqil Abbas "Yeni Müsavat" qəzetinə müsahibə verib. Femida.az həmin müsahibəni təqdim edir.

- Aqil bəy, dostunuz Rəşad Məcidi müdafiə etməyiniz sizə baha başa gəldi...


- Niyə baha başa gəldi ki?

- Ən azı ictimai rəy sizin əleyhinizə işlədi.

- Mən ictimai rəyin fikri ilə oturub-durmalıyam? Başa düşmədim, deməli, mən hamı kimi düşünməliyəm?

- Seçkilərə qatılanda, səs istəyəndə, mandat alanda məgər siz ictimai fikri, seçicinin rəyini nəzərə almırsınız?

- Mənim səs istədiyim insanlar mənim əleyhimə çıxmayıblar. Əleyhimə çıxan başqa adamlardır. Məgər mən onlar kimi düşünməliyəm? Mən öz fikrimi demişəm ki, bəli, bu hadisənin olması pis nəticələrə gətirib çıxarıb. Dəfələrlə məqalələr də yazmışam ki, Rusiya Türkiyəsiz, Türkiyə Rusiyasız keçinə bilməz... Bilirsiniz niyə? Rusiyada 25 milyon türk yaşayır. Bu, balaca rəqəm deyil, Rusiyada hər 5-6 adamdan biri türkdür. İkinci bir tərəfdən, əgər ayağa qaldırarsansa, türklərlə Rusiyanı məhv etmək olar. Eyni zamanda Türkiyə Rusiyasız yaşaya bilməz. Ən azı bunun 25 milyon qardaşı orda yaşayır. İki ölkənin münasibətləri yaxşı olmalıdır ki, onların da durumu normal olsun. Digər tərəfdən, orda nə qədər türk iş adamları var. Bütün dünya iki xalqı sevmir, rusları və türkləri. İdman oyunlarına baxın, Türkiyə, ya Rusiyanın hansısa klubu Almaniyada bir fransız klubu ilə oynasın, məhz fransızlara azarkeşlik edənlər çox olacaq. Çünki türk və rusu sevmirlər. Türkiyəni Avropa Birliyinə niyə götürmürlər?

- Bunlar ayrı söhbətin mövzusudur...

- Qoy mən fikrimi tamamlayım da. Mən Rusiya və Türkiyənin münasibətlərinin möhkəmlənməsini, bir-birinə yaxın olmasını arzulayıram. Çünki bunların başqa variantı yoxdur.

- Rusiya rəhbərliyinin aqressiyasının qarşılığında Türkiyənin dövlət və hökumət başçıları yenə də müttəfiqliyə sadiqlik nümayiş etdirir. Yəqin ki, siz də bunun fərqindəsiniz.

- 3-4 gün ondan qabaq bir yerdə deyildilərmi? Rusiya rəhbərliyi dedi Ərdoğan igid oğlandır. Bir-biriləri haqqında xoş sözlər dedilər. Bəli, Putinin "bərk getməsi” onun zəifliyidir. Hər şeyi danışıqlarla yoluna qoymaq olardı. Yox, mən sənin tələbəni qovacağam, ya iş adamlarını ölkədən çıxaracam...Bu da ona, Rusiyaya yaraşmayan bir şeydir. Hədə dili ilə danışmaq da Putinin zəifliyidir. Hədə dili ilə danışmazlar. Xarici işlər nazirləri var, buyursunlar, üz-üzə oturub danışsınlar, görsünlər məsələnin kökü hardadır.

Mən ona görə deyirəm ki, Türkiyə Amerikanın "dudka”sına getdi. Bütün dünya Türkiyəni müharibəyə soxmaq istəyir. Mən dəfələrlə yazmışam ki, "Türkiyə, ehtiyatlı ol, İraqdan, Suriyadan, Liviyadan sonra səni parçalayacaqlar!” Məgər bu yöndə iş getmir? Türkiyəni parçalamaq üçün pullar buraxılmır, PKK-ya silah satılmır? Bu gün hətta Ankaranın mərkəzində terror hadisələri baş verir. Mənim Türkiyəyə ürəyim yanır. Türkiyə iki dünya müharibəsinin birindən respublika kimi, ikincisindən də sağ-salamat çıxıb. İndi Türkiyəni üçüncü dünya müharibəsinə sürükləyirlər ki, məhv eləsinlər, getsin. Mən onda Türkiyənin yanındayam. Yoxsa hamı olub türkpərəst...

Mən adlar çəkmək istəmirəm, amma çəkə də bilərəm. SSRİ zamanında sevinə-sevinə yüyürüb gedən, komsomol mükafatı alan, Rusiyada oxuyan adam indi türkpərəst olub. Mənim bir rus dostum yoxdu e...Heç rus tanışım da olmayıb. İki dəfə də Moskvanı görmüşəm, o da ezamiyyətdə olarkən. İki dəfə də Yessentukiyə getmişəm. Mənim gördüyüm Rusiya budur. Heç rus dilində də doğru-düzgün danışmıram. Nə oldu mən oldum rusçu, başqası oldu türkçü? Məsələn, hörmət etdiyim şair Məmməd müəllim (İsmayıl-E.P.) deyir ruslar bizim başımıza bu oyunları açıblar. Onda "Komsomol mükafatı” veriləndə ataydın sifətlərinə, deyəydin "istəmirəm”. 20 Yanvardan sonra ataydın, deyəydin sizin mükafatınız mənə lazım deyil! Niyə atmadın? İndi mən olmuşam ruspərəst, o olub türkpərəst? Nədi-nədi Türkiyədədir?


- Bütün bunlar sizin məhz Türkiyəni üzr istəməyə çağırmağınıza verilən reaksiyadır. Digər fikirləriniz bəlkə də bu qədər rezonans doğurmazdı.

- Üzr istəmək məsələsini hamı şişirdir, amma bütövlükdə mənim açıqlamamı oxumurlar.

- Aqil bəy, bir ölkə onun hava sərhədini aşsüzənə döndərən qırıcını vurduğuna görə niyə üzr istəməlidir? Əslində sizin qarşı tərəfi üzr istəməyə çağırmağınız daha çox gözlənilən idi. Niyə bu mövqedən çıxış etdiniz?

- Mənə zəng etdilər ki, Rəşad belə bir söz deyib. Dedim, Rəşad haqlıdır, gərək bu məsələ olmayaydı. Çünki bu, bizim başımızda çatlayacaq. Rusiya ilə Türkiyənin yaxınlaşması ermənini partladırdı. İndi bu vəziyyətə görə ən çox sevinən kimdir? Biri yazır ki, biz Qarabağ savaşında döyüşmüşük, ruslarla türklər vuruşsa, gedib Türkiyədə də savaşacağıq. Ə, get, ağlına dua yazdır. Niyə gedib Qarabağda vuruşmursan? Bilirsiniz məsələ necədir? Buna "vətənşüvənlik” deyirlər. Mən Rusiyanın xeyrinə hələ bir cümlə yazmamışam... Bir cümlə... Nə yazıçı, nə jurnalist kimi. Əksinə, əsərlərimdə həmişə rusları vurmuşam. Elə "Dolu” romanını gözünüzün qabağına gətirin də...Yəni biz erməni ilə yox, rusla vuruşmuşuq, başımıza bu oyunları ruslar gətirib. Mən elə bunu yazan adamam, nə təhər oldu ruspərəst oldum?! Amma bunlar vətənpərvər oldular? Mən bunu deyirəm. O adamlar ki, deyir bu, ruslara satılıb, ruslara satılanları hamı tanıyır. Zərdüşt Əlizadə həmişə İran və Rusiyanın xeyrinə oynayan adamdır, indi olub türkçü, özünə də "türk” demir, mən olmuşam rusçu. Mən belə şeyləri qəbul etmirəm.

- Siz sanki son sözünüzü dediniz, izahatsız-filansız, özü də Türkiyəni günahkar statusunda təqdim etdiniz. Yenə də "Türkiyə üzr istəməlidir" fikrində qalırsınız?

- Son sözümü deməmişəm axı... İndi elə olmasın ki, kimsə mənə sözümü yedirtmək istəyir. Bəli, bir-birilərindən üzr istəməlidirlər. Türkiyə də üzr istəməlidir, Rusiya da. O biri bugünkü işinə görə üzr istəməlidir ki, bu addımları atmaqla mən də səhv elədim. Bu hadisə Türkiyəyə böyük zərbə oldu.

- Ancaq Avropa Birliyi Türkiyəyə görünməyən şəkildə qucaq açıb...

- Boş şeydir, baş qatmaqdır, görəcəksiniz. Özü də nə təhər qucaq açdı? Türkiyədən Avropaya gedən qaçqın ərəblər geri qayıtmalıdır. Onlar hamısı Türkiyəyə qayıdacaq, yerləşdiriləcək. Buna görə də Türkiyəyə 3 milyard avro verəcəklər. Türkiyə özü 2 milyondan çox ərəbə 7-8 milyard xərcləyib. O biri ərəbləri də geri qaytaracaqlar ki, "al, bunları da sən saxla!” Niyə? Qıran, ölkəsini dağıdan, Suriyanı, İraqı məhv edən sən, mən niyə saxlamalıyam? Vəd verilir ki, ondan sonra sən Avropaya vizasız gələcəksən. Hələ gələcək, gəlməyəcək, dəqiq bilinmir. Türkiyəni Avropa Birliyinə heç zaman qəbul etməyəcəklər. Mən həmişə çıxışlarımda, yazılarımda demişəm ki, Türkiyə, üzünü Şərqə, Çinə, türk respublikalarına, Rusiyaya çevir, onda Avropa yalvaracaq ki, getmə, gəl bizə.

İndi gördülər ki, Rusiya ilə yaxınlaşır, münasibətlər tənzimlənir, dərhal bu hadisələri törətdilər ki, Rusiya ilə Türkiyə düşmən olsun. Təbii ki, bundan o biri qüvvələr xeyir görəcək, məsələ budur. Şübhə etmirəm ki, iki dövlət arasında savaş olmayacaq. Bu, heç kəsə xeyir gətirməz. Özü də savaş olsa belə, Türkiyə tək vuruşacaq, NATO qarışmayacaq. Uzaqbaşı qırıcı verəcəklər. Amerika Saakaşviliyə dedi, "bərk dur, dalındayam”, nə oldu, durdumu Gürcüstanın arxasında? Bomba atılanda Türkiyəyə atılır, Vaşinqtona, Nyu-Yorka, ya Hyustona atılmır e... Mən bütün bu sözləri Türkiyəni sevdiyimə, onun durumuna ağrıdığıma görə demişəm.

- Amma burada Türkiyənin dövlət olaraq qüruru məsələsi var. Ona görə də üzr istəməyəcəyini qəti şəkildə bildirib...

- Amma deyir, "təəssüflənirik”. Pilotun cənazəsini necə yola saldılar? Həmçinin deyirlər, biz rus qırıcısı olduğunu bilmirdik, üstündə nişanı yox idi. Deməli, bilsəydi, vurmayacaqdı. Özləri özlərini təkzib edirlər. Heç olmasa sözlərinin arxasında duraydılar. Biri deyir, təəssüf edirik, başqası deyir, yenə vuracağıq...


- Azərbaycan bu mərhələdə barışdırıcı rol oynaya bilərmi?
- Təbii ki. Həm Azərbaycan, həm də Qazaxıstan bunların arasında vasitəçi ola bilər, yəqin ki, olacaqlar.

- Deputat qrupu yaradılarsa, Rusiyaya gedərsinizmi?

- Yox, mən Rusiyanı sevmirəm, getməyə də həvəsim yoxdur. Amma Türkiyəyə gedərəm, niyə getmirəm? Qardaşlarımızdır. Onsuz da həftə səkkiz, mən doqquz gedirəm. Dostlarım var, yazıçılar, generallar arasında...

- Dostlarinizdan qınaq gəlmədi?

- Yox, əksinə, mənə sosial şəbəkədə yazdılar ki, Aqil bəy, narahatlığınızı başa düşürük, biz də narahatıq. Məsələn, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu sosial şəbəkədə Rəşad Məcidə dəstək oldu. Baxıram, gülməyim gəlir, elə adamlar türkçü olub ki...

- Hakimiyyət düşərgəsindən də sizin mövqeyinizi təqdir edən olmadı...

- Heç tənqid də olunmadım axı. Qardaş, mən bir yazıçıyam, vətəndaşam, bir türkəm. Bu ölkədə hələ demokratiya, toleriantlıq yoxdur. Bu ölkədə hamı adamı məhv edər. Hamı olub Türkiyənin yanında. Harda yanındasan, ə? Dünənəcən Rusiyanı tərifləyənlər indi "Türkiyənin yanındayıq” deyir. Azərbaycan Türkiyənin yanındadır, bəli, lap müharibə başlasa da Türkiyənin yanında olacaq.

Çətin anda mən olacağam Türkiyənin yanında, mənə qarşı söz deyənlər yox. Qarabağ savaşında hardaydı bu adamlar? Ancaq o zaman mən səngərdəydim. Siz əsgər olanda yanınıza mən gəlmişdim, əsgər yanına əliboş getməzlər deyib hədiyyə ilə gəlmişdim. O zaman bu adamlar hardaydı? Məni ittiham edənlərin biri desin ki, Qarabağın yolunu tanıyıram. Tanıyırlar, amma "çerez Yerevan” gəlib. Gəlib orda araq içib, separatçıların böyüyü ilə şəkil çəkdirib...Ramil Səfərovu "cinayətkar” adlandıran, xocalılıları təhqir edən olub türkçü, mən olmuşam erməni dəyirmanına su tökən, ruspərəst. Mən heç rusca normal danışmıram.


- Maraqlıdır, İradə xanım da sizə irad bildirdimi? Çünki bu məsələyə onun fərqli yanaşmasından xəbərimiz var.

- İradə xanım dedi, gərək üzr istəmək sözünü deməyəydin, amma o biriləri düz demisən... Hamı bilsin ki, mən dostumu darda qoymamışam. Rəşad Məcidin üstünə düşmüşdülər, mən də onu müdafiə etdim.

- Amma siz dostunuzu müdafiə etməklə qardaş dövləti ittiham etdiniz...

- Mən bütün dediklərimdə haqlıyam. Üzr istəmək sözündən yapışıblar, o biri sözlərimdən yapışsınlar da. Elementar bir şey deyim, Türkiyəyə 20 milyard ziyan dəyib. Mən bundan narahatam...

Açar sözlər:

Oxunub: 2068