XİN Vışeqrad Qrupunun konfransı barədə məlumat yaydı


16:10     09 Aprel 2020 XIN.jpg

Vışeqrad Qrupu (V4) ölkələrinin xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığı ölkələri üzrə videokonfrans keçirilib.

Bu barədə Femida.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Vışeqrad Qrupuna sədrlik edən Çex Respublikası tərəfindən təşkil olunan bu videokonfrans V4 ölkələrinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə öncədən planlaşdırılan, lakin COVID19 pandemiyasına görə ləğv olunan görüşünü əvəz edib.

Videokonfrans nəticəsində Vışeqrad dördlüyü Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı birgə bəyannamə qəbul edib. Bəyannamədə ŞT-nın Aİ-nin xarici fəaliyyətində yüksək prioritet təşkil etməsi və strateji əhəmiyyətini qoruyub saxlamasının vacibliyi qeyd edilir, burada Aİ-nin Şərq tərəfdaşlarına münasibətdə siyasəti ilə bağlı müddəalara yer ayrılaraq, bu siyasətin ŞT-nın əsasını və bölüşülən dəyərləri əks etdirməsi, habelə onun inklüziv olması və tərəfdaş ölkələrin seçiminin dəstəklənməsi və bu ölkələrin istək və öhdəliklərinə uyğun olaraq fərqləndirilməsinin önəmi qeyd olunur.

Bəyannamədə Vışeqrad dördlüyünün bütün tərəfdaş ölkələrinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyi ifadə olunur. Habelə Şərq Tərəfdaşlığı ölkələri ərzisindəki həll olunmamış münaqişələrin BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunduğu kimi, beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin vacibliyi vurğulanır.

Xatırlatmaq istərdik ki, Helsinki Yekun Aktında əks olunan 10 prinsip arasında yer alan “xalqların bərabər hüquqları və öz müqəddəratı” prinsipi bu şəkildə ifadə olunur: “Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir”.

V4 ölkələri Şərq Tərəfdaşlığının 2020-ci ildən sonra da inkişafını və dəstəklənməsini davam etdirəcəklərini bəyan ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 759